• SOSİAL

    12:14 4 mart 2019

Eldar Əzizov Maştağa sakinləri ilə görüşüb - FOTOSESSİYA

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov Sabunçu rayonu Maştağa qəsəbəsinin sakinləri ilə görüşüb.

BŞİH mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil olunan görüşdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Bakı şəhər və Sabunçu rayonu təsərrüfat və digər xidmət sahələrinin rəhbərləri, Maştağa qəsəbə sakinləri, həmçinin Nardaran qəsəbəsindən gəlmiş ağsaqqallar iştirak ediblər.

Bu gün paytaxtımızın sürətlə inkişaf etdiyini, onun müasir görkəm aldığını vurğulayan E.Əzizov bildirib ki, Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamların, qəbul olunmuş Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində Bakı şəhəri və onun qəsəbələrində xeyli sayda yeni məktəb, uşaq bağçası, tibb müəssisələri tikilib, köhnələri əsaslı təmir olunub. Bakı şəhərində həyata keçirilən “Abad məhəllə” layihəsi çərçivəsində son 6 ay ərzində 50-dən çox məhəllə əsaslı təmir olunub və bu işlər hazırda da davam etdirilir. Həmçinin paytaxtdakı çoxmənzilli binaların dam örtükləri, girişləri, fasadları əsaslı təmir olunur. “Dövlət başçısı qarşıya paytaxtın qəsəbələrinin də daha da inkişaf etdirilməsi ilə bağlı tapşırıq qoyub. Prezident İlham Əliyevin tapşırığı əsasında Bakı şəhəri və onun qəsəbələrinin inkişafı ilə xüsusi proqram hazırlanır”, - deyə icra başçısı vurğulayıb.

Azərbaycan Prezidenti tərəfindən əhalinin sosial təminatının gücləndirilməsi, həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində imzalanan yeni fərman və sərəncamlar barədə danışan icra başçısı bildirib ki, dövlət başçısının həyata keçirdiyi sosial siyasətin, bu istiqamətdə atılan hər bir addımın təməlində vətəndaş amili dayanır.

Sonra Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Şamil Alıyev qəsəbədə görülmüş işlərlə bağlı hesabat verib. Bildirib ki, son illər bütün ölkə ərazisində olduğu kimi, qəsəbədə də təhsil, səhiyyə, sənaye və digər sahələrdə mühüm nailiyyətlər əldə edilib.

“Açıq mikrofon” formatında sakinlərin böyük fəallığı ilə keçən görüşdə çıxış edən maştağalılar Bakı şəhərində, eyni zamanda Maştağa qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, dövlət başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək ifadə ediblər.

Görüşdə 35 nəfər sakin çıxış edib, onları narahat edən məsələlər dinlənilib və müvafiq tapşırıqlar verilib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR