Nazirlər Kabineti “İnzibati xəta haqqında protokol, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad) blanklarının aidiyyəti orqanların sifarişi əsasında hazırlanması, saxlanılması, uçotu və təqdim edilməsi Qaydaları”nda dəyişiklik edib.
ONA-nın məlumatına görə, bu Qaydalar İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan protokol, qərar (qərardad) blanklarının aidiyyəti orqanların sifarişi əsasında hazırlanması, saxlanılması, uçotu və təqdim edilməsi qaydalarını müəyyən edir.
Protokol, qərar (qərardad) blanklarının hazırlanmasına sifarişin verilməsi, onların bölgüsü, protokol, qərar (qərardad) blanklarının istifadəsinin uçotunun və hesabatının aparılması Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.
Dəyişiklik Qaydalara elektron informasiya (idarəetmə) sistemləri vasitəsilə tərtib olunan protokolların, qərarların (qərardadların) blanklarının xüsusiyyətləri ilə bağlı yeni hissənin əlavə edilməsi ilə bağlıdır.
Beləliklə, elektron informasiya (idarəetmə) sistemləri vasitəsilə tərtib olunan protokolların, qərarların (qərardadların) blankları ciddi hesabat sənədinin seriyasını və nömrəsini özündə əks etdirməli, lakin üzərində sətir və göstəricilər olmadan boş hazırlanmalıdır. Blank 1 nüsxədən ibarət olmalı və kağızı yazı keçirməyən olmalıdır. Blank A4 formatında olmalıdır. Kağızın çəkisi 90-100 qram və tərkibi 100 faiz sellüloza olmalıdır. 5. Kağızın tərkibində olan müdafiə işarələrinin saxta olub-olmamasını xüsusi vasitələrlə yoxlamaq imkanı olmalıdır. Blankın üzərində görünən və görünməyən formada Azərbaycan Respublikasının simvolları, mərkəzi hissəsində böyüdülmüş formada yarımşəffaf şəkildə Azərbaycan Respublikasının Dövlət Gerbi göstərilir. Kağız və istifadə olunmuş boya blankın lazer printerində çap edilməsi üçün müvafiq hərarət dərəcəsinə davamlı olmalıdır. Blankdan elektron informasiya (idarəetmə) sisteminin elektron məlumatları əsasında formalaşmış hazır sənədin lazer printeri vasitəsilə çap edilməsində istifadə olunmalıdır.