• SOSİAL

    07:50 1 may 2019

"Elektron məhkəmə" informasiya sistemi ictimaiyyətə təqdim olunub

Aprelin 30-da Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhəri Sabunçu Məhkəmə Kompleksində vətəndaş cəmiyyəti üçün "Azərbaycanda elektron məhkəmənin tətbiqi və inkişafı perspektivləri" mövzusunda ictimai təqdimat keçirilib.

ONA xəbər verir ki, tədbirdə nazirliyin rəhbərliyi, Prezident Administrasiyasının məsul nümayəndələri Milli Məclisin deputatları, hakimlər, dövlət ittihamçıları və vəkillər, ictimai xadimlər, ədliyyə naziri yanında İctimai Komitənin üzvləri və digər vətəndaş cəmiyyətinin təmsilçiləri, çoxsaylı KİV rəhbərləri, blogerlər, alimlər və tələbələr iştirak ediblər.

Açılışda məhkəmə-hüquq sistemində aparılan islahatlardan, o cümlədən vətəndaşların ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılması, məhkəmələrə müraciət imkanlarının genişləndirilməsi məqsədilə "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi üzrə görülən işlərdən, bu sahədə beynəlxalq təcrübədən danışılıb.

Bildirilib ki, "Elektron məhkəmə" sistemi əhatəli olmaqla özündə 130 milyona yaxın məlumatı əks etdirir, mürəkkəb mexanizmləri ehtiva edir və çoxsaylı komponentlərdən ibarətdir. Onun fəaliyyətinin təmin edilməsi üçün ciddi hazırlıq işlərinin aparılması, elmi tutumu olan texnikanın mövcudluğu tələb olunur.

Həmçinin qeyd olunub ki, "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" dövlət başçısının 2019-cu il 3 aprel tarixli Fərmanı ədliyyə və məhkəmə sisteminin inkişafında yeni mərhələ olmaqla bu sahədə islahatların müasir çağırışlara uyğun davam etdirilməsinə rəvac verib, o cümlədən elektron məhkəmənin tətbiqi ilə bağlı təşkilati işlərin yekunlaşdırılmasını, onun funksionallığının artırılmasını, fiziki və hüquqi şəxslərin bu sistemdən istifadəsinin təşviqini şərtləndirib.

Elektron məhkəmənin komponentlərindən olan "elektron şəxsi kabinet" vasitəsilə, həmçinin məhkəmələrə elektron qaydada iddia verilməsi, məhkəmə proseslərinin izlənilməsi, sənədlərin elektron mübadiləsi, məhkəmə qərarlarının elektron dərci, işlərin hakimlər arasında təsadüfi və avtomatik şəkildə elektron qaydada bölüşdürülməsi mümkündür.

ONA

Teqlər:

SON XƏBƏRLƏR