"Azərbaycanda sosial təminat sahəsində ciddi islahatlar aparılır. Azərbaycan dünyada ən islahatçı ölkələrdən biri kimi tanınır".
ONA-nın xəbərinə görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katini Əli Əhmədov Bakıda keçirilən Beynəlxalq Sosial Təminat Assosasiyasının Avropa Regional Sosial Təminat Forumunda çıxışı zaman deyib.
O bildirib ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunub və 1 milyondan artıq insan məcburi köçkün vəziyyətinə düşüb: "Həmin insanların həyatının təmin edilməsi, tələbatlarının ödənilməsi, iş yerlərinin açılması, onlar üçün mənzillərin tikilməsi, müavinətlərin verilməsi istiqamətində Azərbaycan hökuməti böyük vəsaitlər xərcləyir. Digər tərəfdən müharibə nəticəsində xeyli sayda Azərbaycan vətəndaşı əlil olub və o insanlara pensiyaların verilməsi islahatları vacib edən amillərdən biridir”.
Ə. Əhmədov qeyd edib ki, Azərbaycan əhalisinin və çoxuşaqlı ailələrin sayı artır: "Bununla əlaqədar onların sosial həyatının təmin edilməsi vacib əhəmiyyət kəsb edir. Azərbaycan hökuməti sosial sahədə islahatları vacib sayır və bu istiqamətdə dünya təcrübəsini daim öyrənir, yeniliklər tətbiq edir. Bundan sonra da Azərbaycan hökuməti sosial islahatları davam etdirəcək”.