• SOSİAL

    15:53 24 aprel 2019

Metroda əlil arabaları ilə daşınmaya xidmət edən yeni qurğu alınıb

Fiziki imkanları məhdud insanların, ələlxüsus da əlil arabasından istifadə edənlərin Bakı metropolitenində rahat hərəkətinin təmin edilməsi məqsədilə metropolitenin texniki tələblərinə uyğun daha bir qurğu alınıb.

"Bakı Metropoliteni" QSC-nin mətbut xidmətindən ONA-ya verilən məlumata görə, QSC-nin sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsinin yeni qurğudan düzgün istifadə olunması ilə bağlı hazırladığı təlimatın təqdimatı keçirilib.

Təqdimat mərasimində əlil arabasından istifadə edən sərnişinlərə metropolitendə yardımçı olacaq mobil işçi qrupunun üzvləri ilə yanaşı, layihənin tətbiqi prosesinin əvvəlindən metropolitençilərlə birgə sınaqlarda iştirak edən Cəmilə Məmmədova, həmçinin ictimai fəal Orxan Adıgözəl də iştirak ediblər.

Avtomatik rejimdə çalışan tırtıllı qurğu İtaliyada istehsal olunub. O, sabit sürətlə hərəkət edir və texniki təchizatına görə tam təhlükəsizdir. Qurğunun əsas üstünlüklərindən biri də pilləkənlər və eskalatorlar üzərində hərəkət zamanı tırtıllı hissənin əlil arabasının hərəkətinin tələblərinə tam uyğun olmasıdır. Bu zaman məhz tırtıllı hissə hərəkət sahəsinə uyğun bucaq altında tənzimlənir. Bu da sərnişinə özünü rahat və təhlükəsiz hiss etməsinə imkan verir.

Müzakirələrdə bu layihənin təkcə müxtəlif sosial təbəqələrin cəmiyyətə inteqrasiyası baxımından deyil, həmçinin bütün sərnişinlər arasında ümumi davranış mədəniyyətinin inkişaf etdirilməsinə xüsusi təsiri olacağı əminliklə ifadə olunub.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR