“Bütün vaksinlərdə yan təsirlər ola bilər. Yan təsirlər lokal və sistemik olur”.
Bunu APA-ya Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev deyib. O bildirib ki, sistemik təsirlər bədənin temperaturunun yüksəlməsi, halsızlıq, əzələ ağrıları və s. ola bilər: “Vaksinin lokal təsirləri isə iynənin vurulduğu yerdə qızartı, ağrı olmasıdır. Artıq 60 mindən çox tibb işçisi vaksinasiyadan keçib. Aparılan müşahidələr göstərir ki, insanlarda ciddi fəsad görünməyib. Özüm də vaksin vurdurmuşam, heç bir şikayət olmayıb, ətrafımdakı şəxslərdə də şikayət olduğunu görməmişəm”.
Direktorun sözlərinə görə, Türkiyədə də vaksin vurulduqdan sonra ölüm halı qeydə alınmayıb: "Nə Türkiyə, nə də Azərbaycanda hələ ki, peyvənd olunanlar arasında yenidən COVID-ə yoluxma halına da rast gəlinməyib”.
Həkim qeyd edib ki, hazırda Azərbaycanda istifadə edilən Coronovac vaksininin effektivliyinin aşağı olması ilə bağlı hər hansı məlumat mövcud deyil.