• SOSİAL

    16:56 2 aprel 2019

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BQXK arasında əməkdaşlıq müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin başçısı xanım Elena Aymone Sessera ilə görüş olub. Nazirlikdən ONA-ya verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov həssas qruplardan olan vətəndaşların qayğı ilə əhatə olunmasının Azərbaycan Prezidenti İlham Əliyevin sosial siyasətində mühüm yer tutduğunu vurğulayıb.

Nazir müavini bu sahədə Azərbaycanda aparılan işləri, sosial həssas qruplar və əlilliyi olan şəxslərin pensiya və müavinətlərinin, təqaüdlərinin artırılması, onların reabilitasiyası, əmək bazarına inteqrasiyası istiqamətində atılan mühüm addımları diqqətə çatdırıb.

A.Kərimov BQXK-nin humanitar məqsədli proqramlarının, itkin düşmüş şəxslərin ailələri, cəbhəyanı ərazilərlə bağlı sosial layihələrinin əhəmiyyətindən söz açıb. O, nazirliyin komitə ilə əməkdaşlığının genişləndirilməsinin önəmini qeyd edib.

E.A.Sessera Komitənin son illərdə həyata keçirdiyi layihələrdən və gələcək hədəflərindən bəhs edib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə ötən dövrdə həyata keçirilən əməkdaşlıq təcrübəsinin uğurlu olduğunu bildirib. O, həmçinin, nazirliyin həyata keçirdiyi özünəməşğulluq proqramına təlimlərin keçirilməsində və peşə hazırlığı tədbirlərinə dəstək olmaqda hazır olduğunu bildirib.

Görüşdə BQXK-nin humanitar fəaliyyəti, cəbhəyanı ərazilərdə yaşayan əhaliyə dəstək, mina partlayışı qurbanları və mina partlayışından zərər çəkmiş şəxslərə yardımla bağlı proqramları və s. ilə bağlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR