“Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqə üçün 500 nəfərə yaxın namizəd qeydiyyatdan keçib”.
ONA-nın xəbərinə görə, bunu müəllimlərin işə qəbulu ilə bağlı keçirilən brifinqdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.
Onun sözlərinə görə, elektron sənəd qəbulu iyulun 3-dək davam edəcək.
E.Bağırov qeyd edib ki, növbəti mərhələ test imtahanı mərhələsi olacaq ki, bu da 8-24 iyul aralığında keçiriləcək. Daha sonra müvafiq vakansiya yerlərini seçən namizədlər müsahibə mərhələsinə buraxılacaqlar. Test imtahanı mərhələsində namizədlərə 40-ı ixtisasa, 10-u kurikuluma, 10-u məntiqə aid olmaqla 60 sual təqdim ediləcək. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq. Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən, vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.
Şöbə müdiri bildirib ki, ən çox ibtidai sinif müəllimliyi ilə bağlı vakant yerlər olacaq.
Eşqi Bağırov eyni zamanda qeyd edib ki, ötən il müəllimlərin işə qəbulu üzrə müsabiqədə 51 minə yaxın namizəd qeydiyyatdan keçib. Bu il də müəllim işləmək istəyənlərin sayının həmin rəqəmə yaxın olacağı gözlənilir.