Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
ONA-nın xəbərinə görə, tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, Milli Məclisin sədr müavini Bahar Muradova, təhsil naziri Ceyhun Bayramov, dövlət rəsmiləri, millət vəkilləri iştirak ediblər.
C. Bayramov bildirib ki, ümummilli lider Heydər Əliyev təhsilin inkişafına daim böyük diqqət və qayğı göstərib, təhsilin inkişafı hər zaman ümummilli liderin genişmiqyaslı fəaliyyətində prioritet sahə kimi mühüm yer tutub.
Onun sözlərinə görə, peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi, məktəbəqədər təhsillə əhatəlilik səviyyəsinin 90 faizə çatdırılması, ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində tədbirlər davam etdiriləcək.
Ə. Əhmədov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illərdə təhsil sahəsində uğurlu islahatlar aparılır.
Daha sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Möhbalıyev, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxış ediblər.
Mərasimdə müsabiqə qaliblərinin təqdimatlarından ibarət qısa videoçarx nümayiş olunub.
“Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 6 nəfər I, 11 nəfər II, 18 nəfər III dərəcəli diplomla, 27 nəfər isə tərifnamə ilə təltif olunub.
Müsabiqə qaliblərinə diplomlar və qiymətli hədiyyələr təqdim edilib
Qeyd edək ki, ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqə Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub.