Azərbaycan itkin düşmüş şəxslər probleminin təsirinə ciddi məruz qalan ölkələrdən biridir.
APA xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı itkin düşmüş şəxslərlə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, birinci Qarabağ Müharibəsi zamanı təxminən 3900 itkin düşmüş şəxs var:
"Onlar əsirlikdə olanda işgəncələrə məruz qalaraq öldürülüb və basdırılıblar. Biz bu problemin həlli istiqamətində Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlıq edirik. Lakin Qırmızı Xaç Komitəsindan gözləntilərimiz daha yüksək idi. Digər tərəfdən biz BMT-nin Baş Assambleyasının iclasına bu məsələni salmışdıq. İndi münaqişə bitib. Hətta müharibə zamanı da deyirdik ki, humanitar məsələlərin həlli üçün münaqişənin sonunu gözləməməliyik. Çünki münaqişə bir neçə il davam edə bilərdi. Dəfələrlə beynəlxalq konfranslarda, sammitlərdə Ermənistan tərəfinə kütləvi məzarlıqların yerləri barədə məlumat verilməsi üçün çağırış edilib, lakin onlar bu günə qədər heç bir addım atmayıblar. Bu gün bu məlumatı gizlətməyə hansısa hərbi ehtiyac yoxdur. Amma görünür qorxurlar ki, kütləvi məzarlıqların yeri barədə məlumat versələr, bu zaman müharibə cinayətləri Komissiyası tədbir görəcək. Hesab edirik ki, beynəlxalq ictimaiyyət bu məsələdə Ermənistana təzyiq etməlidir. Bu, siyasi məsələ deyil, tamamilə humanitar məsələdir. Bu məsələnin həll edilməməsi düşmənçiliyi artırır. İnamı formalaşdırmaq üçün bu sahədə əməkdaşlıq edilə bilər".