"Yalançı vətənpərvərlik göstərənlər haqsız yerə bizi ittiham edirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi əziyyətlə yetişdirilən ağacların məhv edilməsinə qarşıdır və bütün vasitələrlə təbiətə belə qəddar münasibətin qarşısını almağa çalışırıq".
ONA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbərin İradə İbrahimova mətbuat konfransında deyib.
O bildirib ki, nazirlik hər zaman ağacların kəsilməsinə və ya yaşıllıq sahəsinin bilərəkdən yox edilməsinə cəhd edənlərə qarşı durub və duracaq: "Təəssüf ki, bəziləri bu məsələlərdə haqsız yerə bizi ittiham edir, bir neçə il əvvəlki, köhnə məlumatları yayır, ETSN-ni günahlandırmağa, kollektivin gördüyü işlərə kölgə salmağa çalışır: Yalançı vətənpərvərlik göstərib, əsassız ittiham edirlər ki, guya biz ağac kəsənlərlə əlbirik. Bu ittihamlar heç bir məntiqə sığmır.
Biz sağlam və şəffaf fəaliyyətimizi davam etdiririk. Bir daha bildiririk ki, nazirlik ağacların kəsilməsinə, yaşıllıqlara qəddar münasibətə qarşıdır və əksinə, paytaxtda və regionlarda kütləvi şəkildə ağac əkilməsində, yaşıllıq sahələrinin miqyasının genişləndirilməsində maraqlıdır".
Mətbuat katibi əlavə edib ki, təkcə son payız və yaz ağacəkmə kampaniyalarında 2 milyondan çox ağacın əkilməsi buna sübutdur: "Yaşıllıq altına düşən sahələrdə tikinti işlərinin aparılması bəzən ağacların kəsilməsi kimi arzuolunmaz hallar yaradır və bu, dərhal ETSN tərəfindən adekvat reaksiya ilə qarşılanır. Çox sevindiricidir ki, artıq belə vəziyyətlərdə ictimaiyyət də reaksiya verir, bizə dəstək göstərir, media orqanları məsələni diqqətdə saxlayır".