Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən paytaxtın Nəsimi, Binəqədi, Yasamal rayonlarında, Gəncə və Şəkidə 10 mindən çox ağac tingi əhaliyə paylanılıb.
ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın ONA-ya verdiyi xəbərə görə, nazirliyin mütəxəssisləri tərəfindən ağacların əkilməsi, onlara qulluq göstərilməsi qaydaları vətəndaşlara izah olunub.
"Bu yaz özün bir təbiət yarat" devizi altında keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində təşkil olunan aksiyanın məqsədi ağac əkmək istəyən hər kəsi tinglərlə təmin etməklə onlara dəstək olmaqdır.
Ümumilikdə yaz ağacəkmə kampaniyası çərçivəsində 50 000-dən çox ağac tinginin paylanması nəzərdə tutulub. Ağac tingləri Nazirliyin tinglik sahələrində yetişdirilir.
Nazirlik rəsmisi qeyd edib ki, ağacəkmə tədbirlərinin geniş vüsət alması sevindirici haldır: “Ümid edirik ki, bu cür tədbirlər getdikcə daha kütləvi xarakter alacaq və bu ənənə yaddaşlarda həkk olunacaq”.