• SOSİAL

    12:27 5 avqust 2019

ETSN: Gün ərzində külək daha da güclənəcək, açıq dənizdə dalğanın hündürlüyü 6-8 metr olacaq

Bu gün müşahidə olunan güclü küləklə bağlı avqustun 2-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən xəbərdarlıq edilmişdi. Bu proses gözlənilən idi.

Bunu APA-ya ETSN-in Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, bu gündən başlayaraq avqustun 8-dək ölkə ərazisində, xüsusən də Bakı və Abşeron yarımadasında güclü şimal küləyi əsəcək, küləyin maksimal sürəti bu günə təsadüf edəcək: “Avqustun 5-də Bakı və Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin 23-28, yarımadanın bəzi ərazilərində isə 30-35 m/san-dək şiddətlənəcəyi proqnozlaşdırılırdı. Bu gün saat 11:00 olan məlumata görə, hazırda küləyin maksimal sürəti Bakıda və Abşeronda 26-28 m/san təşkil edir, açıq dənizdə dalğanın hündürlüyü 2,5 metrdir. Lakin gün ərzində külək daha da güclənəcək və açıq dənizdə dalğanın hündürlüyü 6-8 metr arası olacaq. Ayın 6-7-də küləyin maksimal sürəti aşağı enəcək”.

Nazirlik rəsmisi küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib. U. Tağıyeva insanlara tikinti aparılan yerlərdən bir qədər aralıda durmağı, avtomobilləri ağacların altında saxlamamağı və çimərliyə getməməyi məsləhət görüb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR