• SOSİAL

    13:12 3 aprel 2019

ETSN 4 min nəfərə yaxın şəxsə ovçuluq bileti verib

“Azərbaycanda yetkinlik yaşına çatan, əqli qabiliyyəti, sağlamlığı imkan verən vətəndaşlar Daxili İşlər Nazirliyinin (DİN) icazəsi əsasında odlu silah əldə edərək, ovçuluq fəaliyyəti ilə məşğul ola bilərlər”.

Bu barədə ONA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

O bildirib ki, vətəndaşlar bununla bağlı ETSN-nə ərizə təqdim edərək, öz şəxsi məlumatları haqqında bildirməlidir: ”Bu zaman odlu silahdan istifadə üçün razılıqla bağlı DİN-in verdiyi sənədin surəti və iki ədəd fotoşəkil də əlavə olunmalıdır.

Nazirlikdə ən azı ayda iki dəfə test sınaq imtahanları keçirilir, vətəndaş imtahanlarda verilən sualların yarıdan çoxuna cavab veribsə, artıq o, ovçuluq bileti ala bilər. Bununla bağlı vətəndaşa məlumat verilir. O dövlət büdcəsinə 11 manat rüsum ödəyir və bundan sonra ovçuluq bileti alır”.

Departament direktoru bildirib ki, ETSN tərəfindən verilən ovçuluq biletlərinin sayı 4 minə yaxındır: “Qanunvericiliyə əsasən, Xüsusi Dövlət Mühafizə Xidmətinin Hərbi Ovçuluq İttifaqı da ovçuluq bileti verə bilər”.

H.Əlizadə qeyd edib ki, ov zamanı qanunvericiliyi pozan şəxslərə qarşı cərimə, İnzibatı Xətalar Məcəlləsinə əsasən, ov hüququnun məhdudlaşdırılması ilə bağlı sanksiya tətbiq oluna bilər. Sanksiya ilə vətəndaşın ov etmə hüququ 6 ay və ya bir il məhdudlaşdırılır, həmin müddətlə o, ovla məşğul ola bilməz.

Cərimələr müxtəlifdir və 400 manatdan başlayaraq tətbiq olunur. Bundan əlavə şəxs əgər qanunsuz ov apararaq, təbiətə ziyan vurubsa, təbiətə dəyən ziyanın da məbləğini ödəyir”.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR