Hazırda Qızılğac Milli Parkında 3000-4000 flaminqo qışlayır.
Bu barədə ONA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, köçəri və nadir növ olan flaminqo Azərbaycanda Lənkəran, Kür-Araz, Samur-Dəvəçi ovalıqlarının su hövzələrində, Böyük Qızılağac körfəzində, Xəzərin sahil sularında, Naxçıvanda isə Araz çayı sahillərində yayılıb: “Flaminqonun ən stabil qışlama yerləri Qızılağac körfəzi, Abşeron yarımadasının Şıx sahilləri, Dəvəçi limanı, Şirvan qoruğu, Ağgöl, Sarısu və Kür-Araz düzənliyinin iri gölləridir”.
Qeyd olunub ki, flaminqo Azərbaycanda nadir hallarda yuvalayır: “Flaminqonun 1955-ci ildə Salyan rayonunda Ağ-çala gölündə, 1982-ci ildə isə Qızılağac körfəzində kütləvi yuvalaması müşahidə edilib. Hər il Azərbaycana qışlamaq üçün orta hesabla 16-18 minə yaxın flaminqo gəlir. Flaminqo növünün qorunub saxlanması məqsədilə Qızılağac, Şirvan, Abşeron və Ağgöl Milli Parkları və su-bataqlıq ərazilərində yasaqlıqlar təşkil edilib. Flaminqo Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilib və ovlanması qadağandır”.