Masallıda meşə ərazisində ağaclar qanunsuz şəkildə məhv edilir.
ONA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Xanalion kəndinin ucqar dağlıq ərazilərində, Qəriblər meşəbəyliyinin 5 saylı meşə dolayında ağaclar qırılıb. Əsasən dəmirağac, palıd, vələs və azat olmaqla 20-30 sm diametrli 14 ağac kəsilib. Kənd sakinləri meşə massivinin məhv edilməsindən ciddi şəkildə narahatdırlar. Onların sözlərinə görə, ağaclara qənim kəsilən şəxslər meşəbəyi Zabit Babayev ilə onun oğulları Anar və Elvindir. Belə ki, onlar müxtəlif vaxtlarda ağacları kəsərək maşınlara yığıb özləri ilə aparır, təbii qazla təchiz edilməmiş kəndlərə satırlar.
Meşə dolayına Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi nəzarət edir.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) ONA-ya bildirilib ki, araşdırmalar davam etdirilir.
Çəkiliş apardığımız zaman 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları hadisə yerində baxış keçirib yoxlamalar aparırdılar.