“Niyə balıqçılar düşünmürlər ki, kürütökmə dövründə balığın ovlanması onun kökünün kəsilməsi deməkdir? Bunun üçün hansısa elmi yanaşmaya ehtiyac var? Hamıya bəllidir ki, kürüsü olan balıq ovlanırsa, yüzlərlə körpə balıq məhv edilir. Nəticədə ildən-ilə balıq növlərinin sayı azalır. Bu da ölkənin balıq ehtiyatlarının məhvinə şərait yaradan bir hərəkətdir”.
Bu baradə ONA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.
O bildirib ki, indi balıqların kürütökmə dövrü olduğu üçün sentyabrın 1-dək sənaye balıq ovu qadağan edilib. Lakin brakonyerlər yenə də balıq ovlayır: ”Hamılıqla belə düşüncəsiz addım atan şəxslərin qarşısını almalıyıq. Anlamalıyıq ki, balıqların kortəbii ovlanması az bir vaxtda qarşısıalınmaz fəsadlara səbəb olacaq”.
İ. İbrahimova qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi icazəsiz balıq ovu ilə məşğul olan, qadağan olunmuş ov alətlərindən istifadə edən, nəzərdə tutulmayan yerlərdə balıq ovlayan brakonyerlərin qarşısını almaq üçün mütəmadi reydlər keçirir və saxlanılanların işi prosedura uyğun olaraq tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilir: “Təkcə son 4 ay ərzində 42 iş hüquq-mühafizə orqanlarına göndərilib.
Amma bir-iki qurumun əməkdaşının dənizin və çayların bütün nöqtələrini qoruyub brakonyerləri aşkar etməsi fiziki olaraq mümkün deyil, bu işdə cəmiyyətin bütün təbəqələrinin sayıqlığı vacibdir. Bir məsələni də qeyd etmək istərdim ki, bir çox halda bəzi vətəndaşlar rastlaşdıqları brakonyerlərin görüntüsünü çəkərək yayırlar. Düzdür, bu da lazımdır, lakin bundan daha önəmlisi onları qınaq etmək, dərhal polisə və ya Nazirliyə məlumat verməkdir. Məncə bu cür yanaşma daha effektiv və faydalı olar.
Balıq və digər su bioresurslarının sənaye məqsədləri ilə ovlanması kürütökmə dövrü ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən daxili su hövzələrində aprel ayının 1-dən, Xəzər dənizində isə may ayının 1-dən sentyabr ayının 1-dək qadağandır.
Hər bir vətəndaşı balıq ehtiyatlarının qədrini bilməyə, faunamıza düşmən münasibət bəsləməməyə və gələcək nəsillər üçün onu qorumağa çağırırıq”.