• SOSİAL

    11:40 26 aprel 2019

ETSN: Cənub bölgəsində sürüşmə sahələrinin sərhədləri genişlənib

“Astara rayonunun Kijəbə qəsəbəsi, Siyaku, Asxanakəran, Təngərüt kəndlərinin icra nümayəndəliklərindən sürüşmə ilə bağlı bizə müraciət daxil olub. Mütəxəssislərimiz hazırda həmin kəndlərin ərazilərində araşdırma aparırlar”.

Bu barədə ONA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərov məlumat verib.

O bildirib ki, araşdırma zamanı əraziyə dəymiş ziyan və sürüşmə sahələrinin konturları müəyyənləşdiriləcək.

Xidmət rəisinin sözlərinə görə, adıçəkilən kəndlərdə yeni yaranan sürüşmə zonaları yoxdur, bu ərazilər daimi qeydiyyatda olan sürüşmə sahələridir: “Sadəcə mövcud sürüşmə zonalarının konturları dəyişib, yağışlara görə sərhədlər genişlənib”.

Ş. Səfərov deyib ki, Lerik və Yardımlı rayonları ərazisində də aktiv sürüşmə zonaları var: “Cənub bölgəsindən 7 məntəqədən bizə məlumat daxil olub və işçi qrupu tərəfindən araşdırmalar aparırıq”.

Xatırladaq ki, cənub bölgəsində yağan aramsız yağışlar Astara ilə yanaşı, Lənkəran, Cəlilabad və Yardımlı rayonlarında da torpaq sürüşmələrinə səbəb olub.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR