• SOSİAL

    13:08 29 mart 2019

Fariz Cəfərov: "Proseslər “ASAN Xidmət”in rəqəmsəl versiyasının formalaşması istiqamətində gedir"

“Yaxınlarda istifadəyə verəcəyimiz Elektron Hökumətin “MyGov” lahiyəsində “Şəxsi kabinet” yaradılacaq ki, bütün vətəndaşlar da bura daxil olmaqla özlərinə aid məlumatları görə biləcəklər”.

ONA xəbər verir ki, bunu jurnalistlərə Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.

O bildirib ki, “MyGov” "Mənim hökumətim" deməkdir: "Yəni hökumət bütün xidmətləri vətəndaşa bir pəncərədən təqdim edir, vətəndaş heç yerə getmədən xidmətdən yararlana bilir. “MyGov” üzərindən də vətəndaşlara mütəmadi sorğular veriləcək ki, onlar bu sorğuları cavablandıracaqlar, onlara uyğun olaraq da xidməti təkmilləşdirəcəyik. Bu, “hər şey vətəndaş üçün” yanaşmasıdır. Onlar nəyi, necə istəyirlərsə, elə də dizayn olunacaq”.

F.Cəfərov bildirib ki, könüllük prinsipi çərçivəsində ilkin olaraq “ASAN Xidmət” mərkəzinə gələn vətəndaşlarla sorğular keçirəcəyik ki, hansı xidmətlərin elektronlaşmasını, rəqəmsalaşmasını istəyirlər: “Bu günə kimi 20 mindən çox könüllü bu proqramdan yararlanıb və hazırda Azərbaycanın müxtəlif yerlərində çalışırlar. Könüllülər Azərbaycanda rəqəmsal xidmətin qurulmasında və vətəndaşlara elektron xidmətlərin çatdırılmasında bizə ən böyük tövhə verən şəxslər olacaq”.

Mərkəzin direktoru bir çox hallarda insanların elektron xidmətlər haqqında məlumatlı olmadığını deyib. O bildirib ki, ona görə də bu məlumatları onlara çatdırmaq vacibdir: “Vətəndaşlar bilsinlər ki, elektron xidmətlər mövcuddur. Bununla əlaqədar olaraq da bizdə proseslər o istiqamətdə gedir ki, “ASAN Xidmət”in rəqəmsəl versiyası formalaşsın ki, insanlar bir çox xidməti istəsələr, “ASAN Xidmət”ə gəlib alsınlar, digər hallarda isə alternativ rəqəmsal platforma üzərindən vətəndaşlara xidmətlər həftənin 7 günü və 24 saat əl çatan olaraq göstərilsin”.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR