• SOSİAL

    12:51 9 aprel 2019

Fəzail Ağamalı: "Büdcəni mənimsəyənlər qanun qarşısında cavab verməlidirlər”

“Hesablama Palatası öz işini elə səviyyədə qurmalıdır ki, büdcədən maliyyələşən qurumlar tərəfindən büdcə vəsaitinin dağıdılmasına, mənimsənilməsinə imkan verilməsin”.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti barədə hesabatın müzakirəsi zamanı millət vəkili Fəzail Ağamalı söyləyib.

F. Ağamalı deyib ki, dəfələrlə Milli Məclisdə mənimsənilən vəsaitlərin geri qaytarılması ilə bağlı məsələ müzakirə olunsa da, bu cür hallara hələ də son qoyulmur: “Dövlət büdcəsinə neqativ yanaşmaların qarşısının alınmasını düşünməliyik. Elə etməliyik ki, başqa qurumların Hesablama Palatasına təsiri sıfıra endirilsin. Bir sıra sahələr üzrə nöqsanlar göstərilsə də, çıxarılan nəticə o qədər də ürəkaçan deyil.

Hesabatda qeyd olunur ki, Bakı şəhərində fəaliyyət göstərən Mənzil İstismar sahələri və Yaşıllaşdırma idarələri tərəfindən vəsait büdcəyə geri qaytarılıb. Amma nədənsə onların rəhbərlərinə “qaşın üstə gözün var” deyilməyib. Niyə bizdə büdcə vəsaitlərini mənimsəyən qurum rəhbərləri vəzifədən çıxarıldıqdan sonra onların biznesləri, var- dövləti haqqında mətbuatda geniş yer ayrılır. Hesab edirəm ki, bütün bunlar zamanında araşdırılmalı, hüquq-mühafizə orqanlarına təqdim olunmalıdır. Hesablama Palalatası zamanında belə şəxsləri aşkarlamalıdır. Büdcəni mənimsəyən, pul oğurlayanlar qanun qarşısında ciddi şəkildə cavab verməlidirlər”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR