Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün respublikanın bir sıra şəhər və rayonlarında yaşayan şəxslərin yaşayış yerlərini və ya olduğu yerləri 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək tərk etməsi qadağan edilib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, yuxarıda qeyd olunanları, habelə son günlər havaların qızması ilə əlaqədar bəzi vətəndaşların hələ çimərlik mövsümü açıq elan olunmamış çimərliklərə üz tutmasını nəzərə alaraq, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayan vətəndaşların göstərilən tarixlərdə çimərliklərdən istifadəsi qəti şəkildə qadağan olunur: “Bu qadağanın təmin edilməsi və vətəndaşların çimərliklərə üz tutmasının qarşısının alınması məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri Daxili İşlər Nazirliyi ilə birgə fəaliyyətdə Xəzər dənizinin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu sahili boyu həm quruda, həm də qayıqlarla dənizdə patrul xidməti aparacaq.
Vətəndaşları bir daha ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin bütün qərar və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq”.