• SOSİAL

    12:50 28 fevral 2022

FHN-in “112” Çevik Xidmət Mərkəzinə media-tur təşkil olunub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” Çevik Xidmət Mərkəzinə media-tur təşkil olunub.

APA xəbər verir ki, media-turda bildirilib ki, Prezident İlham Əliyevin fərmanı ilə yaradılan xidmətin fəaliyyəti nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən təşkil olunur.

“112” qaynar telefon xətti xilasetmə qurumlarının fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə fəaliyyət göstərən, o cümlədən yanğınsöndürmə, axtarış-xilasetmə, qəza-xilasetmə istiqamətləri üzrə informasiya dəstəyini təmin edən vacib struktur bölmədir. Bundan başqa, “112” qaynar” telefon xətti nazirliyin digər fəaliyyət istiqamətləri üzrə də telefon müraciətlərinin operativ cavablandırılmasını həyata keçirir.

Xidmətin fəaliyyəti barədə danışan Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəis müavini, polkovnik-leytenant Əsmər Salamova bildirib ki, “112” qaynar xətt xidmətinə Azərbaycan Respublikası ərazisindən sabit və mobil (GSM və CDMA) telefonlardan, həmçinin telefon-avtomatlarından (taksafonlardan) ödənişsiz zəng etmək mümkündür. Həmçinin GSM nömrə blok edildikdə, danışıq kartı, yaxud balans bitdiyi halda da "112" xidmətinə zəng etmək olur. Müraciətlərin qəbulu və cavablandırılması fasiləsiz həyata keçirilir.

Rəis müavini qeyd edib ki, 2016-cı ildə "112" Çevik Reaksiya İdarəsinin inzibati bölməsində əsaslı təmir-yenidənqurma işləri aparılıb. Yenidənqurmadan sonra idarə ən müasir avadanlıqlarla təmin edilib, yeni nəsil proqram təminatlarının tətbiqinə başlanılıb, iş şəraiti xeyli yaxşılaşdırılıb: "Yenidənqurmadan sonra zənglərin qəbulu, operativ emalı və yönəldilməsi məqsədi ilə yeni, müasir proqram təminatı olan “K3”-dən istifadə olunur. K3 proqram təminatı sadədir, lakin çoxfunksiyalıdır. K3 proqram təminatı qurumlararası əlaqələndirmə və səmərəli informasiya mübadiləsini təmin edən avtomatlaşdırılmış idarəetmə sistemidir. Proqram təminatının imkanlarından istifadə etməklə zənglərin avtomatik qəbulu, qeydiyyatı və saxlanması, məlumatların elektron kartlara yazılması və saxlanması, zəng edənin yerinin xəritədə təyin olunması, çağırış ünvanına yaxın olan müvafiq qüvvələrin təyin edilməsi və sistem üzərindən cəlb olunması mümkündür. Bundan başqa, K3 proqram təminatı bazada informasiya axtarışının aparılmasını, müxtəlif hesabatların alınmasını və digər faydalı əməliyyatların yerinə yetirilməsini təmin edir".

Media-tur zamanı müşahidə olunan önəmli məqamlardan biri də “112” qaynar” telefon xətti zalında işçilərin iş şəraitinin yaxşılaşdırılması məqsədi ilə çağrı mərkəzləri üçün nəzərdə tutulan xüsusi iş masaları quraşdırılması olub. Sözügedən stolların özəlliyi ondan ibarətdir ki, işçinin boyuna görə tənzimlənə bilir, bununla da oturaq və ayaqüstü vəziyyətlərdə işləmək imkanını təmin edir.

O da qeyd olunub ki, “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”nın tələbləri nəzərə alınaraq, dispetçer-operator heyətinin nəzəri bilik səviyyəsinin artırılması, praktik bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə mütəmadi məşğələlər keçirilir. Məşğələlərdə nazirliyin fəaliyyəti ilə bağlı qanunvericilik aktları və digər normativ sənədlərin, həmçinin texniki vasitələrdən düzgün və səmərəli istifadə üsullarının öyrənilməsinə, peşə vərdişlərinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir.

O da bildirilib ki, xidmət əməkdaşları hər il xarici dil kurslarına cəlb olunurlar.

ONA

Teqlər:

SON XƏBƏRLƏR