FHN-in Akademiyasında beynəlxalq regional təlim keçirilir  - [color=red]FOTOSESSİYA[/color]
  • SOSİAL

  • 13:03 05 Noyabr 2019

FHN-in Akademiyasında beynəlxalq regional təlim keçirilir - FOTOSESSİYA

Noyabrın 3-dən etibarən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin birgə təşkilatçılığı ilə FHN Akademiyasında “Zəlzələ hadisələrində cavabvermə” mövzusunda beynəlxalq regional təlimə start verilib.

APA-nın məlumatına görə, təlimin keçirilməsində əsas məqsəd baş verə biləcək fövqəladə hallara aidiyyəti dövlət qurumları tərəfindən çevik reaksiya verilməsi, axtarış-xilasetmə əməliyyatlarının vaxtında və səmərəli həyata keçirilməsi, kömək üçün gələn beynəlxalq dəstələrin fəaliyyətinin əlaqələndirilməsi sahəsində təlim iştirakçılarının peşəkar fəaliyyətinin təkmilləşdirilməsi və bu sahədə təcrübə mübadiləsinin aparılmasıdır.

Təlimdə Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti dövlət qurumlarının əməkdaşları, BMT-nin Beynəlxalq Axtarış və Xilasetmə üzrə Məşvərət Qrupuna (İNSARAG) üzv olan müxtəlif ölkələrin komandaları, həmçinin NATO, Ümumdünya Səhiyyə Təşkilatı, ATƏT, “BP-Azərbaycan”, “MapAction” şirkətinin nümayəndələri iştirak edirlər.

Noyabrın 5-də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təlimin açılış mərasimi keçirilib. Mərasimdə Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Belarusun Fövqəladə Hallar naziri Vladimir Vaşenko, Türkiyənin Daxili İşlər nazirinin müavini İsmail Cataklı, Beynəlxalq Axtarış və Xilasetmə Məşvərət Qrupu (INSARAG) Katibliyinin rəhbəri Rudolf Muller, BMT-nin Azərbaycandakı rezident  əlaqələndiricisi Qulam İsakzai iştirak ediblər.

Əvvəlcə, tədbir iştirakçıları Akademiyanın həyətində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə əklil və gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.

Nazir Kəmaləddin Heydərov çıxışında bildirib ki, ölkə əhalisinin təhlükəsizliyinə hər zaman xüsusi həssaslıqla yanaşan Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamı ilə yaradılmış Fövqəladə Hallar Nazirliyi tərəfindən ölkədə mülki müdafiə, əhali və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində kompleks tədbirlər həyata keçirilir: "Məhz ölkə başçısının diqqət və qayğısı sayəsində FHN-in ötən dövr ərzində maddi-texniki bazası ən müasir texnika və avadanlıqlarla möhkəmləndirilib, peşəkar kadr potensialının formalaşdırılması istiqamətində əməli işlər görülüb".

Bu baxımdan, bu günlərdə ərazisində təlimin keçirildiyi FHN Akademiyasının fəaliyyətini xüsusi qeyd edən K. Heydərov beynəlxalq əməkdaşlığa, fövqəladə halların idarə edilməsi üzrə yüksək səviyyəli ixtisaslı kadrların hazırlanması sahəsində zəngin təcrübəyə malik xarici ölkələrin uyğun təhsil müəssisələri ilə təcrübə mübadiləsinə böyük əhəmiyyət verildiyini qeyd edib.

Nazir FHN-in bir sıra xarici ölkədə baş vermiş irimiqyaslı fövqəladə hallara çevik reaksiyası barədə də danışıb. O, həmçinin, fövqəladə hallarla bir ölkənin mübarizəsinin istənilən effekt verməməsi və fəlakətlərin sərhəd bilməməsi səbəbindən fövqəladə hallarla ölkələrin birgə mübarizəsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: "Beynəlxalq əməkdaşlığa və təcrübə mübadiləsinə xüsusi diqqət yetirən, xarici ölkələrin müvafiq qurumları və beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin uyğun strukturları ilə geniş əməkdaşlıq edən, ölkə daxilində və xarici ölkələrdə baş verən fəlakətlərə çevik reaksiya verməyə hər an hazır olan Azərbaycan Fövqəladə Hallar Nazirliyi fəlakətlərlə birgə mübarizə sahəsində irəli sürülən istənilən proqressiv təşəbbüsə qoşulmağa hər zaman hazırdır".

Sonra çıxış edən Beynəlxalq Axtarış və Xilasetmə Məşvərət Qrupu (INSARAG) Katibliyinin rəhbəri Rudolf Muller, Belarus Fövqəladə Hallar naziri Vladimir Vaşenko, Türkiyənin Daxili İşlər nazirinin müavini İsmail Cataklı və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai tədbirin əhəmiyyətini qeyd edərək, müasir dünyamızda baş verən fövqəladə hallarla mübarizə sahəsində birgə əməkdaşlığın vacibliyindən danışıblar. Qeyd olunub ki, bu kimi təlimlər fəlakətlər zamanı aidiyyəti qurumların qarşılıqlı əlaqəli fəaliyyətlərinin təkmilləşdirilməsi, eləcə də təcrübə mübadiləsi baxımından faydalıdır. Gələcəkdə də belə əməkdaşlığın genişləndirilməsi və əlaqələrin daha da inkişaf etdirilməsinin bütün tərəflər üçün səmərəli olduğu vurğulanıb.

Daha sonra təlimə ümumi rəhbərliyi həyata keçirən Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev təlimin məqsəd və gedişatı barədə geniş məlumat verib. O bildirib ki, şərti ssenariyə uyğun olaraq, 3 noyabr 2019-cu il tarixində saat 05:30 radələrində episentri Xəzər dənizində olmaqla, Bakı şəhərindən 45 km şimal-şərqdə şərti olaraq, Rixter şkalası üzrə 8 bal gücündə zəlzələ baş verib. Daxil olmuş məlumatlara əsasən zəlzələ nəticəsində Bakı şəhərinin ərazisində yerləşən tikililərdə müxtəlif dərəcəli dağıntılar qeydə alınıb. Yol və körpülərin, elektrik, su və qaz təchizatı sistemlərinin sıradan çıxdığı bildirilir. Potensial təhlükəli obyektlərdə yanğın və texnogen qəzalar baş verib. Azərbaycan Respublikasının Fövqəladə hallar üzrə Dövlət Komissiyasının qərarına uyğun olaraq Fövqəladə Hallar, Daxili İşlər, Müdafiə, Səhiyyə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin, “Azərenerji” və “Azərsu” Açıq Səhmdar cəmiyyətlərinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin qüvvələri tərəfindən qarşılıqlı fəaliyyətdə axtarış-xilasetmə, yanğınsöndürmə, zərərçəkmişlərin ilkin həyat təminatı və ictimai asayişin qorunması üzrə tədbirlər həyata keçirilir, BMT-dən yardım istənilməsi üçün ölkə başçısına təklif hazırlanır.

Qeyd edək ki, mərasimdə FHN-in texnika və avadanlıqları da nümayiş olunub.

Təlim noyabrın 8-dək davam edəcək.

OXŞAR XƏBƏRLƏR