Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışı olub.
APA TV-nin xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanılıb və onlardan bir neçəsinin artıq açılışı olub. Ümumilikdə yaradılacaq modul tipli xəstəxana kompleksləri ölkənin səhiyyə sisteminə əlavə 2000 çarpayılıq ehtiyat yaradır.
Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalı 10 korpusdan ibarətdir və burada 800 xəstəni qəbul etmək üçün hər cür imkan var. Otaqlar 800 ədəd çarpayı və 800 ədəd dolabla təchiz olunub. Modul tipli hospitalda yaradılan şərait müalicə işi ilə yanaşı, laborator müayinələri də qısa müddətə və keyfiyyətlə aparmağa imkan verir. Belə modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynayır.
Modul tipli hospitalda ağır xəstələrin müalicəsi üçün reanimasiya şöbəsi də yaradılıb ki, burda eyni anda 5 xəstənin müalicəsi nəzərdə tutulub. Adi xəstəxanalarda olduğu kimi, buradakı reanimasiyada da lazımi tibbi avadanlıqlar var. Gördüyünüz kimi, oksigen aparatları da quraşdırılıb ki, xəstələrin müalicəsində bunlardan istifadə olunsun”.
FHN-in Tibb Xidmətinin rəis müavini Vəfa Dadaşova bildirib ki, modul tipli hospital 4 hektar sahəni əhatə edir: “Hospital 10 korpusdan ibarədir. Burada hospitalın kiçik oksigen stansiyası fəaliyyət göstərir. Bu oksigen stansiyası nəinki hər bir korpusu, eləcə də palatanı, hər bir çarpayını oksigenlə təmin edir”.
Ərazidə inzibati bina, yeməkxana binası, camaşırxana, tibb işçilərinin istirahəti üçün 2 korpus mövcuddur. Korpuslarda oksigen təchizat boruları çəkilib və digər zəruri tibbi avadanlıqlar quraşdırılıb.
Xəstəxanada müalicə alan hər bir xəstənin qan analizləri və koronavirus testinin analizləri məhz bu otaqda, bu laboratoriyada həyata keçiriləcək. Həftənin əvvəlində və sonrakı günlərdə həmin xəstələrdən bir neçə dəfə analizlər götürüləcək.
Korpusların qarşısında dezinfeksiya tunelləri quraşdırılıb. Hospitalda exokardioqrafiya, rentgen müayinəsi, və laborator müayinələr aparılır. Həmçinin burada xəstələrin elektron qəbulu da həyata keçirilir.
Xəstəxananın dərman preparatları və tibbi ləvazimatlarının saxlanılması üçün tibbi anbar inşa olunub. Xəstəxananın tibbi personalının zəruri ehtiyaclarını nəzərə alaraq yeməkxana və iclas zalı yaradılıb. Xəstəxananın bütün korpuslarında daxili şəbəkə, internet, CİSCO İP telefon şəbəkəsi quraşdırılıb, bütün korpusların ərazisində kameraların quraşdırılması həyata keçirilib. Xəstəxana üçün gərəkli olan server sistemi qurulub, korpusların kompüterlə təchizatı həyata keçirilib. Tibbi personalın planşetlərlə təmin olunması üçün bütün zəruri tədbirlər görülüb.
Xəstəxananın ehtiyat enerji mənbəyi ilə təmin olunması məqsədilə 650 kilovatlıq elektrik generatoru şəbəkəyə qoşulub. Xəstələrin daşınması üçün pandus tikilib və giriş pilləkənlərində sürahilər hazırlanıb.