Ölkəmizdə koronavirusa qarşı aparılan birgə mübarizə çərçivəsində “PACIFIC GROUP” mühüm vasitə kimi dezinfeksiyaedici tunellərin istehsalını və müxtəlif dövlət əhəmiyyətli obyektlərdə quraşdırılmasını davam etdirir.
APA-nın məlumatına görə, bu dəfə PC-DEZOX dezinfeksiyaedici tuneli FHN-in Tibb Mərkəzinin modul tipli hospitalının giriş və çıxış şlüzlərində quraşdırılıb.
Bu tunellər ən yüksək səviyyədə gigiyena təmini üçün mükəmməl bir cihazdır. Avadanlıq dünyada geniş yayılmış, daim mutasiya edərək dəyişən virus və bakteriya kimi mikroorqanizmlərin azaldılmasına kömək edən bir aparatdır. Cihazda sağlamlıq üçün ziyanı, tərkibində heç bir kimyəvi qatqısı olmayan mayedən istifadə olunur ki, bu da insanların təhlükəsiz şəkildə dezinfeksiya olunması üçün nəzərdə tutulub.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalı iyulun 6-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Xətai rayonunda açılıb. Hospital 10 korpusdan ibarətdir. Burada 800 xəstəni qəbul etmək üçün hər cür şərait yaradılıb. Elə Prezident və birinci xanım da hospitalla tanışlığa məhz hospitalda quraşdırılan PC-DEZOX dezinfeksiyaedici tunelindən keçməklə daxil olublar. Hospitalın ərazisində ümumilikdə 13 dezinfeksiyaedici tunel quraşdırılıb.
“Pacific Group”un ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Günel Fərəcova deyir ki, bura gələn tibb personalı girişdə quraşdırılmış dezinfeksiyaedici tuneldən keçməklə dezinfeksiya olunurlar: “Bundan sonra korpusun ərazisinə daxil olurlar. İş gününün sonunda tibb personalı yenə də çıxışda quraşdırılmış aparatdan dezinfeksiya edildikdən sonra hospitalın ərazisini tərk edə bilərlər”.
Mütəxəssislər deyir ki, üzərində yerləşən həssas qəbuledicilər sayəsində insan tuneldən keçdiyi zaman hərəkət sensoru vasitəsilə sistem avtomatik olaraq işə düşür və nəticədə dezinfeksiyaedici məhlul püskürdücü nozullara ötürülür. Bununla da yüksək təzyiq nəticəsində maye buxar halına keçməklə insanların üzərini islatmadan dezinfeksiya edir. Dezinfeksiyaedici tunel insan sağlamlığı üçün heç bir ziyanı olmayan, müxtəlif bakteriyaların məhv edilməsinə qarşı yönəldilmiş, tərkibində heç bir kimyəvi qatqısı olmayan mayedən istifadə etməklə insanların dezinfeksiya olunması üçün nəzərdə tutulub. Bu cihazın üzərində işləmə vəziyyəti və mayenin həcmi barəsində xəbərdarlıq lampası quraşdırılıb.
Avadanlığın quraşdırılması və istifadəsi çox asandır. Quraşdırıldıqdan sonra başqa əraziyə asanlıqla yerini dəyişmək də mümkündür.
Artıq paytaxtın bir sıra həyat əhəmiyyətli obyektlərində bu tunelin quraşdırılması həyata keçirilib. Buna misal olaraq №1 Çörək Zavodunu, “Pullman Baku” hotelini misal göstərmək olar.
Qeyd edək ki, dezinfeksiyaedici tunel sifarişçilərin tələb və istəklərinə uyğun olaraq müxtəlif ölçülərdə istehsal oluna bilər. O cümlədən maye deposu, yəni çənin ölçüsü də sifarişçilərin istəklərinə uyğun olaraq müxtəlif ölçülərdə - 20 litrdən 250 litrə qədər quraşdırılması mümkündür.