Bu gün Yaponiyanın “Fuji Optical” özəl şirkətinin Azərbaycana görmə qabiliyyətinin yaxşılaşdırılmasına yardım missiyalarının 15 illiyinə həsr olunan tədbir keçirilib.
ONA-nın məlumatına görə, tədbirdə çıxış edən BMT Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin hüquq şöbəsinin müdiri, nümayəndənin səlahiyyətlərini müvəqqəti icra edən Oktavian Mohorea deyib ki, Yaponiyanın “Fuji Optical” özəl şirkəti tərəfindən ötən müddət ərzində Azərbaycanda həssas qrupa daxil olan 31 min insan, o cümlədən məcburi köçkün müayinədən keçirilib.
“Fuji Optical” özəl şirkətinin 2005-ci ildən başlayaraq Azərbaycandakı fəaliyyətindən bəhs edən baş nazirin müavini Əli Həsənov qeyd edib ki, “Fuji Optical” özəl şirkəti yerlərdə məcburi köçkünləri müayinə edərkən yerli əhalinin də müayinəsi təşkil edir: “Mən yerlərdə Yaponiyanın “Fuji Optical” özəl şirkətinin rəhbəri Akio Kanainin insanlarımızı şəxsən müayinə etdiyinin də şahidi olmuşam. Akio Kanai xeyriyyəçilik sahəsində fəaliyyəti ilə əlaqədar mükafatlandırılan zaman mükafatla bağlı verilən 100 min dolları da Xocavənddə məcburi köçkünlər üçün su layihəsini həyata keçirməyə sərf etdi. Sonradan ölkəsində ona mükafat qismində verilən 40 min dolları da məcburi köçkünlərə kənd təsərrüfatı texnikası alınması üçün ayırıb”.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranan humanitar yardımın qarşısının alınmasında BMT-nin böyük rol oynadığını söyləyib: “Humanitar yadım 2030-cu ilə qədər həyata keçirilməsini nəzərdə tutduğumuz davamlı inkişaf məqsədlərinə çatmaq üçün əsas vasitələrdən biridir. Yaponiyanın “Fuji Optical” özəl şirkətinə də xüsusi təşəkkür edirik. Bu şirkət 15 il ərzində Azərbaycana ümumilikdə 2,8 milyon dollar yardım edib”.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev də Yaponiyanın “Fuji Optical” şirkətinə təşəkkür edib: “Mən Yaponiya xalqına, hökumətinə də xüsusi təşəkkür edirəm. Yaxşı olardı ki, Azərbaycanda da bu cür insanlarımızın sayı çox olsun. Məsələn, Birinci vitse-prezident Mehriban Əliyevanın bu yöndə fəaliyyəti nümunədir”
Yaponiyanın Azərbaycandakı səfiri Tereyuki Katori Yaponiyanın Azərbaycandakı xeyriyyəçilik fəaliyyətlərindən danışıb.
“Fuji Optical” şirkətinin rəhbəri, doktor Akio Kanai tədbirin təşkilinə görə baş nazirin müavini Əli Həsənova təşəkkür edib: “Biz insanların gözlərini müayinə edir və onlar üçün eynəklər hazırlayırıq. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə bu sahədə əməkdaşlıq edirik. 15 il ərzində Azərbaycanın bütün gözəl bölgələrində olmuşuq. Mənim səhhətim nə qədər imkan versə, o qədər Azərbaycana gələcəyəm. Sizə qonaqpərvərliyə görə təşəkkür edirəm”.