“Füzuli rayonundan Şuşaya qədər çəkiləcək yolun 150 metr enində, 34 kilometr uzunluğunda minalardan təmizlənməsi barədə bizə göstəriş verilib. Bura ən çox minalanmış sahədir”.
Bunu APA-nın Füzuli rayonunda minatəmizləmə əməliyyatını izləyən əməkdaşına açıqlamasında Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Horadiz İnzibati Mərkəzinin təmizləmə qrupunun əməliyyat meneceri Mədət Məmmədov deyib.
O, hazırda yolun 17-ci km-də təmizləmə əməliyyatı aparıldığını deyib: “Hazırda yolun 17-ci kilometrliyində, Füzuli rayonunun Alxanlı və Seyidəhmədli kəndləri arasında təmizləmə əməliyyatı aparırıq. İndiyədək burada 200 min kvadratmetr ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib. Təmizlənmə nəticəsində tank əleyhinə 207, piyada əleyhinə 168 mina və 5 ədəd partlamamış hərbi sursat aşkarlanıb”.