"Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamına əsasən 2020-ci il ərzində pandemiyanın neqativ təsirləri şəraitində makroiqtisadi sabitliyin qorunub saxlanması, zərər çəkmiş sahibkarlıq subyektlərinə dövlət dəstəyinin davam etdirilməsi, ölkədə yarana biləcək məşğulluq problemlərinin və sosial problemlərin həll olunması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Nazirlər Kabinetinə 1,0 milyard manat ayrılıb.
APA-nın məlumatına görə, bu, Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb.
Dövlət büdcəsi, dövlət fondları və digər mənbələrdən maliyyə resursları səfərbər edilərək ümumi dəstək paketi 3,5 milyard manat məbləğində nəzərdə tutulub və ümumilikdə 3,0 milyon nəfərə yaxın vətəndaşı əhatə etməsinə hesablanıb.