Gənclər Fondunun təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində informativ səciyyəli vahid elektron platformanın təqdimatı və yenilənmə mexanizmləri ilə əlaqədar olaraq işçi qaydada görüş keçirilib.
Fonddan ONA-ya verilən məlumata görə, məqsəd gənclər siyasəti sahəsində həyata keçirilən tədbirlər, layihələr və təşəbbüslər, eləcə də mövcud dövlət dəstəyi mexanizmləri və dövlət xidmətləri barədə ətraflı məlumatların gənclərə effektiv şəkildə çatdırılması olub.
Daha sonra gənclər üçün informativ səciyyəli vahid elektron platforma – genc.az portalı təqdim olunub. Portalda gənclər üçün dövlət xidmətlərindən istifadə, interaktiv təqvim sistemi, iş vakansiyaları və imkanlarına müraciət etmək, Elektron Hökumət Portalının xidmətlərindən istifadə və istiqamətləndirmə imkanları, vahid sosial şəbəkə vasitəsilə sosial-ictimai tədbirlər, müsabiqələrlə bağlı daha tez məlumat almaq imkanları haqda məlumat verilib. Portalın yaxın aylarda ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulub. Daha sonra görüş müxtəlif qurumları təmsil edən nümayəndələrin suallarının cavablandırılması, təkliflərin dinlənilməsi və fikir mübadiləsi ilə başa çatıb.