Azərbaycan Gözdən Əlillər Cəmiyyəti Prezident İlham Əliyevin əlil vətəndaşların sosial rifahın yüksəldilməsi istiqamətində qəbul etdiyi 25 fevral, 15 aprel və 3 may 2019-cu il tarixli sərəncamları ilə bağlı mətbuat konfransı keçirib.
ONA-nın xəbərinə görə, Cəmiyyətin sədri Səmyar Abdullayev bununla bağlı qəbul etdikləri bəyanatı səsləndirib.
O deyib ki, ölkə başçısının imzaladığı sərəncamlar sosial rifahın yüksəldilməsinə gətirib çıxarıb: "Az.GƏC-in ziyalı üzvləri bu sərəncamları dəstəklədiyini və ölkə başçısı tərəfindən son zamanlar qəbul edilmiş bu silsilə fərman və sərəncamların ölkədə yaşayan əlil kontingentin həyat səviyyəsinin yüksəlişinə, onların sosial rifahının və gələcək perspektivlərinin günü-gündən artacağına səbəb olacağını bildirir. Az.GƏC-in üzvləri son zamanlar müxtəlif siyasi qüvvələrin təsirində olan və ölkədə yalan, böhtan kampaniyaları ilə məşğul olan mətbuat nümayəndələrinin əlil vətəndaşlar adından saxta məlumatlar yayaraq, sosial gərginliyə səbəb olacaq bəyanatlar verənləri də qınayır, bu tip əsassız və heç bir hüquqi qüvvəsi olmayan xəbərlərin bu gün ölkəmizdə baş verən sosial islahatlara və dinamik inkişafa kölgə salmayacağını, gözdən əlil vətəndaşların da bu yalanlara inanmadığını bildirir Az.GƏC-in üzvləri son zamanlar sadəlövh gözdən əlil vətəndaşları da öz yalan kampaniyalarına alət etmək istəyən radikal qüvvələrə xidmət edən media nümayəndələrini bu çirkin niyyətlərdən çəkinməyə çağırır. Belə ki, Cəmiyyət üzvlərindən bir və ya bir neçə əlilin müraciətləri və narazılığı ümumilikdə gözdən əlil vətəndaşların narazılığı kimi qiymətləndirilə bilməz. Qəbul edilmiş sərəncamlar ümumilikdə ölkədə yaşayan 650 minə yaxın əlil kateqoriyalı vətəndaşları sevindirib və ölkə başçısının da verdiyi mesaja görə, gələcəkdə bu tip qərarların verilməsi ilə ölkədə ümumən sosial rifahın yüksəldilməsi gözlənilir".
Cəmiyyət sədri deyib ki, əvvəllər sərəncamdan sonra yerlərdə problem olurdu, indi isə belə hal yoxdur: "Ölkədə 50 minə yaxın gözdən əlil yaşayır, bunların 12 minə yaxını 18 yaşa çatmayanlardır. Bu gün müavinət 300 manata çatdırılıb, ən aşağı pensiya 150 manatdır. Biz əlilliyi olanların əlbəttə çətinliyi ola bilər. Hazırda özünəməşğulluq proqramları yaradılır, dövlət qurumları ilə cəmiyyət sıx əməkdaşlıq edirik və problemlər işıqlandırılır. Hər bir əlil verilmiş sərəncamlarda öz həyatlarında dəyişikliyi hiss edir. Əlil vətəndaşların mənzillə təmin olunması istiqamətində addımlar atılır. 650-yə yaxın əlil mənzil növbəsindədir, Nərimanov rayonunda onlar üçün mənzillər tikilir. Çalışırıq ki, bu işlər rayonlarda da aparılsın. Bu gün ölkədə xaos yaradan qüvvələr anlamalıdır ki, belə vəziyyətdə ən çox əziyyət çəkən əlillər, az təminatlı ailələr olur".
Gözdən Əlillər Cəmiyyətinin vitse-prezidenti Reyhan Cəfərova bildirib ki, ölkə başçısının qəbul etdiyi sərəncamları dəstəkləyir və bu istiqamətdə qəbul edilən hər bir hüquqi normanın əlillərin sosial rifahına şamil olacağını bilirlər: "Hər bir cəmiyyət üzvü son zamanlar aparılan islahat və qəbul edilmiş sərəncamların əlil vətəndaşların nəinki özlərinin, həm də ailələrinin sosial səviyyəsinin yüksəlişinə səbəb olacaq".
Konfransda iştirak edən cəmiyyət üzvləri və tələbələr çıxış edərək, sərəncamların həyat tərzlərinə müsbət təsirlərindən danışıblar.