Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası iyulun 11-nə olan kosmik hava durumunu açıqlayıb.
Rəsədxanadan verilən məlumata görə, kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Koronoqraf görüntülərində Yerə doğru yönələn tac kütlə atılması müşahidə olunmayıb.
Hesabat dövründə Günəş küləyi parametrlərində güclənmə müşahidə olunub. Günəş küləyinin sürəti ~600 km/san intervalında olub.
Geomaqnit sahə son 24 saat ərzində Günəş küləyinin təsiri hesabına fasilələrlə sakit (Kp=3,4) və G1 (Minor) səviyyəli qasırğa (Kp=5) şəraitlərində olub. G1 səviyyəli qasırğa əsasən 60○şimal en dairəsindən yuxarı bölgələr üçün xarakterik sayılır. Xatırladaq ki, Azərbaycan 38○24ꞌ və 41○54ꞌ şimal en dairələri arasında yerləşdiyindən qasırğanın mənfi təsirinə məruz qalmır.
Kosmik hava proqnozuna əsasən, iyulun 11-13-də Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. İyulun 11-12-də geomaqnit sahədə həyəcanlaşmaların davam edəcəyi proqnozlaşdırılsa da, iyulun 13-də nisbi sakit şəraitə qayıdacağı istisna edilmir (Kp=3, 4). Maqnit qasırğasının yaranması ehtimalı 11 iyulda 10%-dən, 12 və 13 iyulda 5%-dən aşağı qiymətləndirilir.