Tanınmış ilahiyyatçı Hacı Şahin dünyasını dəyişib.
ONA xəbər verir ki, bu barədə ilahiyyatçının yaxınları məlumat verib.
İlahiyyatçının Feysbuk səhifəsində bildirilib: "Böyük hüzn və kədərlə bildirmək istəyirik ki, bu gün səhər saatlarında Hacı Şahin Həsənli dünyasını dəyişdi. İctimaiyyətə əlavə məlumat veriləcək".
TƏBİB Hacı Şahin Həsənlinin ölüm səbəbini açıqlayıb.
TƏBİB-in yaydığı məlumata görə, 1974-cü il təvəllüdlü Hacı Şahin Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 02.03.2023-cü il tarixində saat 05:30 radələrində çağırış daxil olub.
Saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb. Ürək tutmasından həkiməqədər ölüm qeydə alınıb.
Qeyd edilib ki, ailəsinin bildirdiyinə görə, Şahin Həsənli 01.03.2023-cü il tarixində özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib.
Xatırladaq ki, 48 yaşlı Hacı Şahin Həsənli “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi idi.
Allah rəhmət eləsin!