“Prezident İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiqlənən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində sistemli iş aparılır”.
Bunu ONA-ya Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.
H. Rəcəbli deyib ki, məqsəd əhalinin güzəranını yaxşılaşdırmaq istiqamətində passiv və aktiv sosial müdafiəni gücləndirməkdir.
Onun sözlərinə görə, minimum pensiyanın artırılması passiv sosial müdafiənin gücləndirilməsinə hesablanıb: “İkinci istiqamət aktiv sosial müdafiənin gücləndirilməsidir. Söhbət burada məşğulluğa daha çox diqqət yetirmək, iş yerləri yaratmaq, kiçik və orta sahibkarlığı inkişaf etdirməkdən gedir. Bu iki istiqamətdə ardıcıl və sistemli iş aparılır, müvafiq layihələr hazırlanır”.
Komitə sədri qeyd edib ki, bu yaxınlarda əhalinin banklardakı əmanətlərinin tam sığortalanması müddətinin daha 1 il artırılmasını nəzərdə tutan qanun qəbul edilib: “Azərbaycanda əhalinin əmanətləri həcmindən asılı olmayaraq, dövlət tərəfindən qorunur, sığortalanır. Gələcəkdə oxşar addımların atılması nəzərdə tutulub. İkincisi, əhalini ən çox narahat edən məsələlərdən biri yeni binalarla bağlı idi. Təxminən 200 min insan belə binalardan mənzil alıb, ancaq mənzilin çıxarışı, sənədi çoxdur. Prezident bu problemin həlli ilə əlaqədar müvafiq qərar verdi. Bina müvafiq tələblərə cavab verirsə, sənədləşmə məsələsi həllini tapacaq. Bu tipli addımlar yenə atılacaq. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Maliyyə Nazirliyi və digər müvafiq qurumlar tərəfindən bu istiqamətdə ardıcıl iş aparılır ki, əhalinin sosial müdafiəsinin güclənləndirilməsi üçün yeni addımlar atılsın. Biz də aparılan işlərdə, layihələrin hazırlanmasında iştirak edirik”.