“Unutmaq olmaz ki, koronavirus ən azı 1-2 il, bəlkə də daha çox bizimlə birlikdə olacaq”.
APA-nın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
O bildirib ki, peyvəndin tapılması üçün ümid var, ancaq hələ ki, ortada sübutlar yoxdur: “Peyvənd tapılsa belə, hər kəsə çatması uzun vaxt tələb edə bilər. Buna görə gigiyena qaydalarına əməl etməliyik.
Bunlar edildiyi halda ölkələr ümumi olaraq ölkənin qapadılması, sərtləşdirilmiş karantin rejimi yerinə bölgələrdə, kəndlərdə ayrıca tədbirlər görərək bu xəstəliklə mübarizəni davam etdirə biləcəklər. Ümid edirik ki, bundan sonra ÜST bütün ölkələrə ümumi qapatmalar deyil, yoluxma davam etdiyi yerlərdə lokal qapatmalar həyata keçirərək bu xəstəliklə mübarizəni davam etdirə biləcəklərini tövsiyə edəcək.
Azərbaycan da hazırda rəng sistemi tətbiq edərək bəzi rayonları digərlərindən xəstəliyə yoluxma halına görə daha yüksək riskli sayır. Bu bölgələrdə daha sərtləşdirilmiş tədbirlər tətbiq olunur. Bu baxımdan ÜST həyata keçirilən tədbirləri doğru hesab edir”.