Mayın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.
ETSN-in Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, havanın temperaturu Abşeron yarımadasında gecə 11-15, gündüz 18-22, Bakıda gecə 12-14, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Mayın 4-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz:
Mayın 4-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
ETSN ölkə ərazisində hava şəraitinin pisləşəcəyi barədə də xəbərdarlıq edib.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, mayın 5-i səhərdən 6-sı səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, 15-20 m/s, arabir 23-25 m/s, mayın 5-i gündüz yarımadanın bəzi yerlərində arabir 28-32 m/s-dək güclənəcəyi gözlənilir. Arabir yağış yağacağı ehtimalı var.
Mayın 5-dən 6-sı axşamadək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv, əsasən şimal və qərb rayonlarında güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Qərb küləyi əsəcək, arabir 15-20 m/s, mayın 5-də ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı gözlənilir. Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.