• SOSİAL

    13:13 25 iyul 2020

Havanın temperaturu 3-5 dərəcə enəcək, güclü külək əsəcək - PROQNOZ

26 iyulda Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, cənub küləyinin əsəcəyi, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 33-37, Bakıda gecə 23-25, gündüz 34-36 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində cənub küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti olacaq.

26 iyulda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər saatlarında dağlarda duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26, gündüz 34-39, dağlarda gecə 16-21, gündüz 22-27 dərəcə isti olacaq.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidməti iyulun 27-30-da ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq da edib. Bildirilir ki, iyulun 27-30-da Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu iyulun 29-30-da ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə enəcək.

İyulun 27-28-də Azərbaycanın bəzi şimal və qərb rayonlarında, ayın 29-dan 31-dək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, küləyin sürəti 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu iyulun 29-30-da ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

ONA

Teqlər:

SON XƏBƏRLƏR