Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün bu gündən 8 iyun saat 06:00-dək məhdudiyyətlər tətbiq edilib.
APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, aşağıda qeyd edilən sahələr isə həftəsonu fəaliyyətini davam etdirəcək:
- siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qurumlarının) və digər təşkilatlar;
- xəstəxanalar və təcili tibbi yardım müəssisələri;
- sosial xidmət müəssisələri, o cümlədən əqli və hissiyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti;
- kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası);
- elektrik enerjisinin istehsalı və təchizatı;
- meliorasiya və su təsərrüfatı;
- rabitə xidmətləri;
- teleradio yayımçıları (televiziya və radio kanalları, kabel televiziyaları);
- dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımaları;
- boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi;
- fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr);
- neft və qazın hasilatı, emalı, saxlanması və satışı;
- fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətləri.
Qərara əsasən, icazə verilən iş və xidmət sahələrində fəaliyyətin həyata keçirilməsi üçün yalnız zəruri və məhdud sayda işçilərin işə cəlb edilməsi təmin ediləcək. Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.