Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları qardaş ölkənin Sparta şəhərində keçirilən komando kursunu müvəffəqiyyətlə bitiriblər.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, bu münasibətlə keçirilən mərasimdə əvvəlcə Türkiyə və Azərbaycan Respublikalarının Dövlət himnləri səsləndirilib.
Çıxış edənlər kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik edərək hər iki ölkə arasında mövcud olan hərbi əməkdaşlığın və keçirilən kursun əhəmiyyətindən danışıblar.
Mərasimdə məzunlar adından çıxış edən kurs birincisi leytenant Elsevər Əliyev ən çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirməyə hazır olduqlarını bildirib.
Kurs birincisi tərəfindən xatirə lövhəsinə buraxılış emblemi vurulub, məzunlara sertifikat və hədiyyələr təqdim edilib.
Sonda məzunların tribuna önündən təntənəli keçidi olub, xatirə şəkli çəkdirilib.