APA Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Gülşən Əliyeva ilə müsahibəni təqdim edir.
- Gülşən xanım, Heydər Əliyev Fondunun ölkəmizdə COVID-19 pandemiyası ilə mübarizəyə göstərdiyi dəstək barədə mütəmadi məlumat alırıq. Bu sahədə indiyədək hansı işlər görülüb?
- Heydər Əliyev Fondu yeni növ koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması istiqamətində ilk gündən Nazirlər Kabineti yanında Operativ Qərargahla, qərargahın tibb bölməsi ilə yaxından çalışır və dövlət tərəfindən görülən işlərə öz dəstəyini göstərir.
Bildiyiniz kimi, ölkə rəhbərliyinin tapşırığı ilə ilk gündən səhiyyə sisteminin pandemiya şəraitinə uyğunlaşdırılması üzrə tədbirlər görülüb, koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün laboratoriyalar qurulub, xüsusi rejimli və modul tipli xəstəxanalar yaradılıb.
Heydər Əliyev Fondu COVID-19 virusunu müəyyən edən laboratoriyaların fəaliyyətinin qısa müddətdə təşkilinə, eyni zamanda ölkəmizin yüksəkkeyfiyyətli testlərlə təmin olunmasına dəstək göstərib. Fond tərəfindən pandemiyanın ilk aylarında xüsusi rejimli xəstəxanalar üçün bir sıra müxtəlif tibbi avadanlıq və ləvazimatlar – həm qoruyucu vasitələr, tibbi geyimlər, həm də xəstələrin müalicəsi üçün müxtəlif dərman preparatları Almaniya, Çin, Rusiya, Türkiyə və digər ölkələrdən alınaraq Azərbaycana gətirilib.
Biz pandemiya ilə mübarizədə iştirak edən tibbi personal üçün təlim kursları təşkil etdik, bu da onların bacarıqlarının artırılması baxımından çox faydalı oldu. COVID-19-la mübarizə aparan yerli tibb personalına dəstək məqsədilə Çin, İtaliya və Rusiyadan yüksəkixtisaslı həkimlər dəvət etdik, onların azərbaycanlı tibb heyəti ilə birgə xəstəxanalarda çalışmaları üçün şərait yaratdıq, bununla da virusun qarşısının alınması baxımından dövlət tərəfindən görülən işlərə öz dəstəyimizi vermiş olduq.
Bildiyiniz kimi, Fond xüsusi qayğıya ehtiyacı olan insanlara daim diqqət və qayğı göstərir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, koronavirusla mübarizə tədbirləri çərçivəsində Fond tərəfindən Bakı və regionlardakı körpələr və uşaq evləri, internat məktəbləri, Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi, Uşaq Psixonevroloji Mərkəzi, eləcə də bir sıra digər sosial xidmət müəssisələri zəruri dezinfeksiyaedici və qoruyucu vasitələrlə təmin edildi. Eyni zamanda xüsusi karantin rejimi günlərində yaşı 65-dən çox olan şəxslərin evdən çıxma qadağası olan müddətdə Fondun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri ölkə üzrə bu yaş kateqoriyasındakı tənha sakinlərə yardım göstərdi. Heydər Əliyev Fondu Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürməklə yanaşı, “Biz birlikdə güclüyük” aksiyasını həyata keçirdi və bu aksiyaya müxtəlif təşkilatlar qoşulmaqla aztəminatlı ailələrə 100 mindən çox yardım paylanıldı.
Xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya, hemofiliya və leykoz xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığından Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qanvermə aksiyaları təşkil olundu. Bu aksiyada Heydər Əliyev Fondunun əməkdaşları, eləcə də onlarla dövlət və özəl müəssisələr iştirak etdi.
Hər bir Azərbaycan vətəndaşının sağlamlığı bizim üçün önəmlidir və bütün görülən işlər buna xidmət edir. Pandemiya dövründə də Fonda səhiyyə məsələləri ilə bağlı çoxsaylı müraciətlər edilib. Yeri gəlmişkən qeyd edim ki, ötən müddət ərzində bir sıra mədəniyyət və incəsənət xadimlərinin, tibb işçilərinin müalicəsi Fondun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə nəzarətə götürüldü.
- Elə növbəti sualım da bununla bağlıdır. COVID-19-a yoluxmuş Bəhram Bağırzadənin sağlamlığına qovuşmasında Fondun göstərdiyi dəstək də diqqətdən yayınmadı.
- Bəli, hər zaman olduğu kimi, müəyyən bir problemlə rastlaşan vətəndaşlarımız və ya onların yaxınları Fonddan kömək umur və biz də əlimizdən gələn köməyi etməyə çalışırıq. Fondun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, virusa yoluxmuş bir sıra şəxslərin, o cümlədən Bəhram Bağırzadənin müalicəsinə Fond dəstək göstərdi.
Bəhram Bağırzadənin ailəsi Fondun prezidenti Mehriban Əliyevaya müraciət edəndə onun vəziyyəti olduqca ağır idi. Əlbəttə, bu bizim hər birimizdə narahatlıq doğururdu. Həmin çətin anlarda biz onun ailəsi ilə, həyat yoldaşı Şəhla xanımla mütəmadi əlaqə saxlayıb, öz mənəvi dəstəyimizi göstərirdik. Eyni zamanda Bəhram Bağırzadənin tezliklə sağalması üçün zəruri tibbi yardım edilirdi. Vaxtında edilən müdaxilələr, ECMO aparatına qoşulması və həkimlərin səyləri sayəsində Bəhram Bağırzadə sağlamlığına qovuşdu.
- Təsiri baxımından pandemiya, demək olar ki, heç bir sahədən yan keçməyib. Digər sahələrdə həyata keçirilən layihələrin icra müddətini uzatmaq və ya dəyişmək mümkündür. Bəs minlərlə insanın ümid yerinə çevrilmiş Heydər Əliyev Fondu səhiyyə sahəsində fəaliyyətini necə davam etdirdi?
- Səhiyyə sahəsi Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Fondun təşəbbüsü ilə paytaxt və regionlarda tibb müəssisələrinin yenidən qurulması və inşası həyata keçirilir. “Talassemiyasız həyat naminə”, “Diabetli uşaqlara ən yüksək qayğı”, “Koxlear implantasiya” kimi genişmiqyaslı layihə və proqramlarla yanaşı, Fonda üz tutan minlərlə insanın sağlamlığı ilə bağlı müraciəti üzrə tapşırıqlar yerinə yetirilir.
Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bu sahədə görülən işləri vurğulamaq istərdim. Leyla xanım xüsusi qayğıya ehtiyacı olan uşaqların müalicəsinə olduqca həssas yanaşır. Onun dəvəti ilə Çin Xalq Respublikasından ölkəmizə gəlmiş mütəxəssislər uşaq serebral iflicindən əziyyət çəkən, həmçinin autizm və daun sindromlu şəxslərin müalicəsində yaxından iştirak etmişlər. Fondun vitse-prezidentinin təşəbbüsü ilə Talassemiya Mərkəzində genetik laboratoriya mərkəzi yaradılmış, talassemiyalı xəstələr bütün lazımi dərman preparatları ilə təmin edilmiş, eyni zamanda radikal müalicə üçün sümük iliyi transplantasiyası işi təkmilləşdirilmişdir. Həmçinin Talassemiya Mərkəzinin laboratoriyasında sümük iliyi donoru registrinin yaradılması üzərində iş aparılır. Milli Hematologiya və Transfuziologiya Mərkəzində leykemiya və hemofiliya xəstələri lazımi dərman preparatları ilə təmin olunur. Həmin mərkəzdə pandemiya dövründə Leyla xanımın təşəbbüsü ilə immunoplazmanın hazırlanması işinə də başlanılmışdır.
Heydər Əliyev Fondu olaraq biz fəaliyyətimizin bu istiqamətindən demək olar ki, danışmırıq, edilən yardımı ictimailəşdirmirik, çünki yardım etməyi öz vətəndaş borcumuz kimi qəbul edirik.
Əlbəttə ki, pandemiya bütün sahələrdə olduğu kimi, səhiyyədən də yan keçmədi. Sərt karantin rejiminin tətbiqi, bir sıra klinikaların koronaviruslu xəstələrin müalicəsi üçün ayrılması kimi amillər müəyyən mənada öz təsirini göstərsə də, Heydər Əliyev Fondu bu istiqamətdə fəaliyyətini bir an belə dayandırmadı. Təbii ki, bu müddət ərzində biz ilk növbədə təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan insanların müalicəsinə üstünlük verdik.
İcra müddətinin uzadılması mümkün olan layihələrin, eləcə də müalicəsinin müəyyən müddət sonra aparılması mümkün olan insanlara edilən yardımın vaxtı karantin dövründə uzadıldı və yumşalma tədbirləri başladıqda həyata keçirildi. Belə qərarlar insanların sağlamlığının qorunması naminə verilirdi və müraciətçilər tərəfindən anlayışla qarşılanırdı. Misal üçün deyə bilərəm ki, bu ilin mart ayında Heydər Əliyev Fondu eşitmə qüsurlu şəxslər üzərində koxlear implantasiya əməliyyatlarına başlamalı idi. Lakin karantin rejimi ilə bağlı aksiyanın müddəti uzadıldı, xüsusi karantin rejimi yumşaldıqdan sonra start verildi və hazırda yekunlaşmaq üzrədir.
Biz pandemiyadan əvvəl Fondun dəstəyi ilə xaricdə müalicə alan şəxslərin də müalicəsini yarımçıq saxlamadıq. Ötən ilin iyul ayında xalq artisti Yalçın Rzazadənin səhhətində ciddi narahatlıq yaranmışdı. Fondun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Türkiyəyə göndərilən Yalçın Rzazadə orada hərtərəfli müayinə edilərək mərhələli şəkildə müalicəsi təşkil olundu. Bir neçə kurs müalicədən sonra onun səhhətində nəzərəçarpan irəliləyiş əldə edildi. Növbəti müalicə kursu pandemiya müddətinə təsadüf etsə də, onun səhhəti ilə bağlı bütün zəruri tədbirlər görüldü. 2020-ci ilin may ayında Yalçın müəllim Türkiyədəki müalicəsini başa vuraraq, Bakıya qayıtdı. Hazırda isə virusa yoluxma riski olduğuna görə insanların sağlamlığının qorunması məqsədilə səhiyyə ilə bağlı yardım ancaq ölkə hüdudlarında göstərilir.
- Yeri gəlmişkən hüquq müdafiəçisi Oqtay Gülalıyevin də Türkiyədəki müalicəsinə Heydər Əliyev Fondu dəstək göstərir. Hazırda bu dəstək davam edirmi və müalicə nə yerdədir?
- Heydər Əliyev Fondu 2019-cu ilin noyabrın 4-dən Oqtay Gülalıyevin müalicəsinə zəruri dəstək göstərir. Ötən ilin noyabr ayında Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva xaricdən həkimlərin cəlb olunması, daha sonra müalicənin Türkiyədə təşkilinə yardım göstərilməsi ilə bağlı Fonda müraciət etmişdi. Heydər Əliyev Fondunun dəvəti ilə qısa müddətdə İstanbuldan Bakıya gələn həkim Oqtay Gülalıyevi xəstəxanada müayinə etdi. Ailəsinin Oqtay Gülalıyevin müalicəsinin Türkiyədə davam etdirilməsi barədə xahişi nəzərə alınaraq, o, 2019-cu il noyabrın 6-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə xüsusi ambulans təyyarə ilə İstanbula aparıldı və Avrasiya xəstəxanasına yerləşdirildi.
Avrasiya xəstəxanasında bir müddət müalicədən sonra Firuzə Gülalıyeva təkrar müraciət edərək həyat yoldaşının müayinəsinə əlavə mütəxəssislərin cəlb olunmasını və müalicəsinin Amerikan xəstəxanasında davam etdirilməsini xahiş etdi. Amerikan xəstəxanasında olduğu müddətdə Oqtay Gülalıyevin beynində hematoma təmizlənməsi və şunt əməliyyatı aparılıb və onun səhhətinin bərpası üzrə müvafiq müalicə kursu təşkil olunub.
2019-cu ilin dekabr ayında Firuzə Gülalıyeva yenidən müraciət edərək kranioplastika –yəni kəllə qapağının plastikası əməliyyatının aparılmasına dəstək göstərilməsini xahiş etdi. O vaxt infeksiya və beyindaxili təzyiqin qalxması riskinə görə həmin əməliyyat icra olunmadı. 2020-ci ilin iyun ayında ailəsi bununla bağlı yenidən müraciət etdi, həkimlərin rəyi alındıqdan sonra elə həmin ay əməliyyat edildi.
Biz daxili qaydalarımıza əsasən, müalicəsinə dəstək göstərdiyimiz şəxslər barədə mütəmadi olaraq müalicə müəssisəsindən hesabat alırıq. Eləcə də Amerikan xəstəxanası müntəzəm şəkildə Oqtay Gülalıyevin vəziyyəti ilə bağlı hesabat təqdim edib. Heydər Əliyev Fondunun Ekspertlər Şurası bu hesabatlar üzrə olan məlumatları dəyərləndirib və müalicənin dinamikasına uyğun olaraq, eləcə də ailəsinin xahişini nəzərə alaraq, Oqtay Gülalıyevin müalicəsinə müvafiq dəstək davam edib.
Onu da qeyd edim ki, İstanbulda həyat yoldaşının yanında olan Firuzə Gülalıyevanın həkimlərlə əlaqəsi, gündəlik müraciətlərinin operativ həll edilməsi üçün Fond tərəfindən əlaqələndirici şəxs ayrılıb. Bu müddət ərzində biz və şəxsən mən mütəmadi olaraq Firuzə Gülalıyeva və həkim personalı ilə əlaqə saxlayıb, müalicənin gedişi ilə maraqlanmışıq və görülmüş bütün işlər barədə rəhbərliyə məlumat vermişik.
Sentyabrın 14-də Firuzə Gülalıyeva Heydər Əliyev Fondunun icraçı direktoru ilə telefon danışığı zamanı Oqtay Gülalıyevin müalicəsi üçün Fond tərəfindən ayrılan maliyyə dəstəyinin dayandırılmasını xahiş etdi. Bu müraciət qəbul olundu, amma prosedur qaydalarına əsasən, Firuzə Gülalıyevadan imtina haqqında istəyini Fonda yazılı olaraq təqdim etməsi xahiş edildi. Bundan sonra Firuzə Gülalıyeva mənimlə telefon əlaqəsi yaradaraq onun sözlərinin yanlış anlaşıldığını, istintaqın hələ də davam etməsindən narahat olduğunu dedi və bu məsələdə köməklik göstərilməsini xahiş etdi. Buna cavab olaraq ona bildirildi ki, Heydər Əliyev Fondu Oqtay Gülalıyevin yalnız səhhəti ilə bağlı məsələlərə dəstək göstərir və onun istintaq işləri ilə bağlı müraciəti Fondun yox, müvafiq dövlət qurumlarının səlahiyyətindədir.
Bundan sonra Firuzə Gülalıyeva Fonda yazılı müraciət edərək bunları qeyd edib: “Ailəmiz Oqtay Gülalıyevin müalicəsinin Azərbaycanda davam etdirilməsini istəyir. Bununla Türkiyədə Oqtay Gülalıyevin müalicəsinə dəstəyi dayandırmağı, Azərbaycana gətirilməsinə və sonrakı müalicəsinin təşkilinə köməklik göstərilməsini xahiş edirik”. Amma təəssüflər olsun ki, son günlər Oqtay Gülalıyevin oğlu sosial şəbəkələrdə çıxış edərək anasının müalicənin Azərbaycanda davam etdirilməsinə köməklik göstərilməsinə dair xahişini səsləndirmədən “Heydər Əliyev Fondunun dəstəyindən imtina etdik” deyir. Bu da, öz növbəsində ailənin müalicə ilə bağlı istəyinin nədən ibarət olmasında çaşqınlıq yaradır.
İnsanlar arasında, o cümlədən müalicənin gedişatını yaxından izləyən şəxs kimi məndə sual doğuran məqamlardan biri də müalicə müddətində oğlunun sosial şəbəkələrdə paylaşdığı Oqtay Gülalıyevin fizioterapiya zamanı çəkilmiş videogörüntüləri idi. Onun reflektiv hərəkətlərinin sağalma dinamikası kimi təqdim olunan bu görüntüləri izləyicilərdə yanlış fikir formalaşdırırdı.
Qeyd edim ki, Heydər Əliyev Fondu bu günədək Oqtay Gülalıyevin müalicəsi ilə bağlı Türkiyədən Bakıya həkimin gətirilməsinə, İstanbulda Avrasiya xəstəxanasında, Amerikan xəstəxanasında əməliyyat və müalicəsinə, eyni zamanda ötən müddətdə ailə üzvlərinin İstanbul şəhərində mehmanxanada yerləşdirilməsinə və digər zəruri xərclərə vəsait ayırıb.
Müalicə həkimlərinin son rəyinə əsasən, Oqtay Gülalıyevin ümumi vəziyyətində dəyişiklik yoxdur, yəni koma vəziyyəti davam edir, amma, o, nəfəs alətinə bağlı deyil və müntəzəm fizioterapiya kursu alır. Həkimlər hazırda Oqtay Gülalıyevin dəstək müalicəsinin evdə və ya şəraiti təmin edilə bilən mərkəzdə davam etməsini mümkün sayır.
- Heydər Əliyev Fondu həmçinin Qarabağ müharibəsi əlillərinə dəstək layihələrini icra edir. Aprel döyüşlərində yaralanan əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin olunmasını qeyd etmək olar. Bu layihə üzrə hansı işlər həyata keçirilir?
- 2016-cı ildə Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi, əslində, Qarabağ müharibəsi əlillərinə sosial dəstək layihələri üzrə həyata keçirdiyimiz işlərin davamı idi. Fondun prezidenti Mehriban Əliyevanın şəxsi təşəbüssü ilə reallaşan bu layihə bir neçə mərhələdə həyata keçirildi. İlkin etapda layihə Aprel döyüşləri iştirakçılarını əhatə etsə də, sonrakı mərhələlərdə əhatə dairəsi daha da genişləndi. Bu günədək 100-dən çox Qarabağ müharibəsi iştirakçısı olan zabit və əsgər yüksək texnologiyalı protezlərlə təmin olunub.
Fondun nümayəndələri protezləşməsi aparılan hərbçilərin müraciətləri ilə daim maraqlanır. Hərbçilərin protezlərinə Fondun dəstəyi ilə həkimlər tərəfindən baxış keçirilir və zəruri xidmət göstərilir. Bu il də 50-dən çox müraciət edən hərbçinin protezlərinin soketləri dəyişdirilib və digər zəruri dəstək xidməti göstərilib.