Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda olub.
ONA xəbər verir ki, Leyla Əliyevaya müəssisə barədə məlumat verilib. Bildirilib ki, 1944-cü ildən fəaliyyət göstərən institut hazırda klinika, mərkəzi qan bankı və elm bölməsi olmaqla üç hissədən ibarətdir. Klinikanın tərkibinə böyüklər üçün iki hematoloji şöbə, uşaq hematologiyası, reanimasiya və intensiv terapiya, konsultativ poliklinika, klinik-diaqnostik laboratoriya və talassemiyanın profilaktikası şöbələri daxildir. İnstitutun elm hissəsində bu sahənin aktual problemlərinə həsr olunan tədqiqatlar aparılır. Elmi araşdırmaların nəticələri nüfuzlu yerli və xarici jurnallarda nəşr edilir. 2017-ci ildə Dövlət Proqramı çərçivəsində institutda yeni immunohistoloji müayinələrin aparılması üçün laboratoriya da yaradılıb. Burada immunohistokimyəvi müayinələrin köməyi ilə qanın bədxassəli xəstəliklərinin tam diferensial diaqnostikası, hədəf terapiyanın monitorinqi və xəstəliyin proqnozu müəyyən edilir. Artıq leykozların diaqnostikası və müalicəsi məqsədilə xəstələrin digər ölkələrə getməsinə ehtiyac qalmır.
Leyla Əliyeva institutun mərkəzi qan bankında da olub. Bank donor qanının tədarükü, işlənilməsi, yoxlanılması və paylanması ilə məşğul olur. Mərkəzi qan bankının respublikada 8 bölməsi fəaliyyət göstərir. Burada nikaha daxil olan şəxslər talassemiyalara görə müayinədən keçirilir.
Heydər Əliyev Fondunun vitse-prezidenti burada müalicə alan uşaqlarla görüşüb, onlarla söhbət edib.
Leyla Əliyeva uşaqların səhhəti, müalicəsi zamanı istifadə edilən üsullar ilə maraqlanıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti tibb ocağında müalicə alan uşaqların tezliklə sağalmalarını arzulayıb. Qan xidməti üzrə Dövlət Proqramının yerinə yetirilməsi nəticəsində hazırda müalicə müəssisələrinin təhlükəsiz və keyfiyyətli qan və qan komponentləri ilə təmin edilməsi məsələsi həll edilib. Donorluğun təbliği sahəsində müasir üsullardan istifadə edilməsi ildən-ilə donorların sayının və tədarük edilən qan və onun komponentlərinin miqdarının artmasına gətirib çıxarıb. Hazırda respublika üzrə donorların sayı 90 min 490 nəfərdir.