Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda din siyasəti” mövzusunda konfrans keçirilib.
ONA-nın məlumatına görə, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, Qafqaz Müsəlmanları İdarəsinin rəsmi şəxsləri, eyni zamanda ölkəmizdə fəaliyyət göstərən dini konfessiya rəhbərləri, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı böyük nailiyyətlər əldə edib: “Məhz Heydər Əliyevin dahiliyi sayəsində Azərbaycanda vətəndaş müharibəsinin, fəlakətlərin qarşısı alındı. Bugünkü güclü Azərbaycanı bizə Heydər Əliyev bəxş edib. Heydər Əliyev uzaq görən siyasətçi idi, onun hər bir fikrinin böyük mənası var idi”.
S.Salahlı vurğulayıb ki, Heydər Əliyevin dinlə bağlı fəaliyyəti olduqca böyükdür: “Ulu öndər həmişə öz dininə sadiq qalıb, İslam dininə əməl edib. İslam dininə münasibəti həmişə müsbət olub. İkinci dəfə hakimiyyətə gələndən sonra digər sahələrdə olduğu kimi, dini sahədə də inkişaf baş verdi, ölkədə din azadlığı tam təmin olundu. Bunu Heydər Əliyev Azərbaycanda bərqərar etdi”.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev isə ümummilli liderin siyasi fəaliyyətini yüksək qiymətləndirərək, onun məscidlərin, dini məbədlərin tikilməsinə böyük təşəbbüs göstərdiyini xatırladıb.
Tədbir Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə “Heydər Əliyev və milli-mənəvi dəyərlərlərimiz” mövzusunda elan edilən məqalə müsabiqəsi qaliblərinin mükafatlandırılması ilə başa çatıb.