Bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Heydər Əliyev və sosial siyasət” mövzusunda tədbir keçirilib.
ONA-nın məlumatına görə, Heydər Əliyevin dövlət quruculuğunda rolundan danışan baş nazirin müavini Əli Əhmədov deyib ki, bugünkü Azərbaycan sabitlik, inkişaf, gələcəyə ümid deməkdir.
Ə.Əhmədov tədbirin Heydər Əliyev irsində böyük yer tutan sosial siyasət məsələlərinə həsr olunduğunu qeyd edib: “Prezident İlham Əliyevin də siyasətinin əsasında vətəndaşların rifahının yaxşılaşdırılması durur. Hər bir dövlətin siyasətində vətəndaşların təhlükəsizliyi və rifahı xüsusi yer tutur. Azərbaycan hər iki vəzifəni layiqincə yerinə yetirdiyini layiqincə sübut edib. Heydər Əliyevin və 2003-cü ildən İlham Əliyevin həyata keçirdiyi siyasətdə insanların güzəranının yaxşılaşdırılması başlıca yer tutub. Prezident İlham Əliyevin son dövrlər qərarları da məhz insanların rifahının yaxşılaşdırılmasına yönəlib. Elə bir kateqoriya yoxdur ki, bu qərarlardan faydalanmasın”.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrün quruculuq və inkişaf illəri olduğunu söyləyib: “1993-2003-cü illərdə maliyyə çətinliklərinə baxmayaraq, pensiyalar 8 dəfə, orta aylıq əmək haqqı 6 dəfə artırılıb. Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirib. Əhalinin sayının 10 milyon nəfərə çatması da müsbət haldır. İllik artım ölənlərin sayını 2-2,5 dəfə üstələyir. Prezidentin də dediyi kimi, qəbul edilən qərarların mərkəzində Azərbaycan vətəndaşı durur. 2003-cü ildən indiyə qədər orta əmək haqqı 7 dəfə, pensiya 9 dəfə artırılıb. Bu günə qədər 12 685 şəhidin ailəsinə 11 min manat vəsait ödənilib”.
Tədbir bədii hissə ilə davam edib.