• SOSİAL

    17:07 10 may 2020

Heydər Əliyevin Moskvada köməkçisi olmuş Yuri Soloduxin: "Heydər Əliyev əsl dövlət adamı idi"

"Heydər Əliyev əsl dövlət adamı idi. Sovetlər İttifaqında onun səviyyəsində dövlət xadimi çox az idi".

Bunu APA-nın Moskva müxbirinə müsahibəsində 1983-85-ci illərdə SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini Heydər Əliyevin köməkçisi vəzifəsində çalışmış Yuri Nikolayeviç Soloduxin bildirib.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə bağlı xatirələrini bölüşən Y. Soloduxin onun müdrik bir siyasətçi, rəhbər və dövlət adamı olduğunu söyləyib:

"Mənim böyük həyat təcrübəm var. Tale elə gətirib ki, bu həyat təcrübəmdə bir çox dövlət adamlarının, siyasi rəhbərlərin müşaviri və köməkçisi olmuşam. Bu, həm Sovetlər İttifaqı, həm də müasir Rusiya Federasiyası dövrünü əhatə edir. Heydər Əliyevlə birgə çalışdığım dövrü isə xüsusi dövrü adlandırıram. Heydər Əliyev kimi bir böyük miqyaslı dövlət adamı məni işləməyə, öz köməkçisi vəzifəsinə dəvət etmişdi. Heydər Əliyev Moskvaya gələndə uzun müddət özünə köməkçi axtarmışdı. Həmkarlarım, yoldaşlarım belə desək, məni ona tövsiyə etmişdilər. Həmin həmkarlar və yoldaşlar Heydər Əliyevi hələ Azərbaycan Kommunist Partiyasının birinci katibi olan zamandan tanıyırdılar. Mən Heydər Əliyevlə görüşdüm. Mənimlə xeyli söhbət elədi və onun köməkçisi vəzifəsinə qəbul olundum. Açığını deyim, çox həyəcanlı idim. Çünki o zamana kimi belə böyük miqyaslı dövlət adamı ilə çalışmamışdım. Bu gün isə arxaya baxanda deyə bilərəm ki, bu, mənim üçün sözsüz ki, böyük məktəb idi. O zamana qədər mən elə bilirdim ki, çox şey bilirəm. Lakin Heydər Əliyevlə görüşəndən, onunla birgə çalışandan sonra başa düşdüm ki, mənim bəxtim gətirib ki, belə böyük dövlət təcrübəsi olan adamla birlikdə çalışmışam. Dövlət adamında liderlik, idarəçilik, bilik və bir çox digər keyfiyyətlər olmalıdır. Müdriklik isə o keyfiyyətdir ki, rəhbər şəxs uzağı, gələcəyi görə bilir. Məncə, Heydər Əliyev məhz bütün bu keyfiyyətlərə malik bir rəhbər, dövlət adamı idi. Siyasətçi sözü isə Heydər Əliyevə tam yaraşan, tam uyğun olan sözdür. Deyərdim ki, o, siyasətçidən də artıq idi. XX əsrdə Sovetlər İttifaqı ərazisində Heydər Əliyev miqyasında rəhbər, dövlət adamı çox az idi. XX əsrin 60-ci illərindən 2000-ci illərin əvvəllərinə qədər Heydər Əliyev bu məkanda ilk üçlüyə daxil olan siyasətçi idi. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrü də bura əlavə etmək olar”.

Y. Soloduxin Heydər Əliyevin çox məsuliyyətli olduğunu vurğulayıb: “Moskvaya böyük vəzifəyə təyin olunan zaman ona çox iş tapşırılmışdı. SSRİ Nazirlər Sovetinin Sədrinin Birinci müavini kimi nəqliyyatı, bura dəmiryolu, avtomobil və hava və dəniz nəqliyyatı daxildir, ümumilikdə sosial sferanı Heydər Əliyevə tapşırmışdılar. SSRİ-nin təhsil, elm, mədəniyyət kimi vacib sahələri də məhz Heydər Əliyevin kurasiyasında idi. Mən Heydər Əliyevin sosial sfera üzrə köməkçisi idim. Bir dəfə maraq üçün mən hansı dövlət müəssisələri ilə işlədiyimizi araşdırdım. Aydın oldu ki, 40-dan çox dövlət müəssisəsinin işini Heydər Əliyev koordinasiya edir. Təsəvvür edirsiz, bu nə deməkdir?! Onun digər bir keyfiyyəti isə hər bir işi ətraflı araşdırması idi. Ona bir işlə bağlı ərizə, kağız və ya sənəd gətirmək kifayət deyildi. Hər bir problemlə kökünə qədər maraqlanır, müzakirələr aparır, bütün qərarları dəfələrlə ölçüb-biçib qəbul edirdi. Onun işçilərinə, rəhbərlik etdiyi aparatın əməkdaşlarına da münasibəti gözəl idi. Kremlin dəhlizlərində hakimiyyət nümayəndəsi ilə görüşmək sadə məsələ deyildi. Onun əməkdaşları, ətrafı bunu yüksək qiymətləndirirdi. Heydər Əliyev əsl dövlət adamı idi. O, təkcə bugünki vəziyyətə baxmırdı, gələcəyi fikirləşirdi. Onun uzaqgörən siyasəti nəticəsində həyata keçirilən layihələrdən bugünkü müasir Rusiya dövləti və xalqı hələ də bəhrələnir. Baxmayaraq ki, Heydər ƏliyevSSRİ hökumətində sosial-iqtisadi sahəyə cavabdeh idi, biz onunla beynəlxalq siyasəti də müzakirə edirdik. Hiss edirdim ki, bu məsələlər onu narahat edir. Bir məqamı xatırlatmaq istəyirəm. Mən Heydər Əliyevin oğlu İlham Əliyevin ailəsi ilə Moskvada bir binada yaşayırdım. 80-ci illərin sonu idi. Heydər Əliyev oğlugilə gələndə mənə zəng edirdi, biz görüşürdük. O zaman Heydər Əliyev mənə yaxın gələcəkdə baş verəcək hadisələri olduğu kimi nəql edirdi. O, hələ o zaman Sovetlər İttifaqının ərazisində milli respublikaların yaranacağını demişdi. ÜEyni zamanda yalnız güclü dövlət hakimiyyətinə malik respublikaların öz müstəqilliyini qoruyub saxlayacağını söyləmişdi. Tarix və onun fəaliyyəti göstərdi ki, Heydər Əliyev sonuna qədər haqlı idi".

Y. Soloduxin bu gün Heydər Əliyevin siyasi xəttinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini də vurğulayıb: "Bu gün məhz Heydər Əliyev tərəfindən əsası qoyulan müasir Rusiya-Azərbaycan əlaqələrini Prezident İlham Əliyev uğurla davam etdirir. Çox sevinirəm ki, Moskva və Bakı arasında uğurlu əlaqələr bu gün yüksələn xətlə davam etdirilir. O da məni sevindirir ki, Azərbaycan, onun paytaxtı Bakı necə inkişaf edir. Son illərdə Azərbaycanda çox olmuşam. Bu inkişafı görməmək mümkün deyil. Sözsüz ki, Azərbaycan postsovet məkanında ən dinamik inkişaf edən ölkədir. Mübaliğəsiz, Bakı bu gün Avrasiya qitəsinin ən gözəl şəhərlərindən biridir".

Fərid

Teqlər:

SON XƏBƏRLƏR