"Azərbaycanda güclü qadın siyasəti var. Biz keçən il Azərbaycan qadınlarına seçmək və seçilmək hüququnun verilməsinin 100 illiyini qeyd etdik. Bunu başqa ölkələrlə müqayisə etsək, görərik ki, bu hüquq başqa ölkələrdə qadınlara 1940-cı illərdə verilib".
Bunu ONA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.
O qeyd edib ki, bu gün Azərbaycan qadınları güclü siyasətə arxalanaraq çox böyük irəliləyişlərə nail olublar: "Biz deyirdik ki, qadın yalnız müəllim və həkim ola bilər. Bu gün isə texnologiyalar sahəsində, prokurorluq, məhkəmə orqanlarında və müxtəlif sahələrdə çalışan qadınlarımız var. Elə bir sahə yoxdur ki, Azərbaycan qadınları özünü orada doğrultmasın. Bu gün cənab prezident İlham Əliyevin bizə verdiyi ən vacib tövsiyə sahibkarlığın inkişafıdır. Hazırda isə Azərbaycanda sahibkarların 30 faizindən çoxu qadınlardır. Biz bu istiqamətdə işləri davam etdirməliyik, qadınları daha da gücləndirməliyik".
H.Hüseynova qeyd edib ki, qadınlar həm də ailə ocağıdır, ailənin istiliyini qoruyub saxlayan, uşaqların tərbiyəsi ilə məşğul olan şəxsdir: "Düzdür, hər ölkədə olduğu kimi, müəyyən problemlər də var. Biz də çalışırıq ki, onları həll edək".