• SOSİAL

    12:45 25 may 2023

Hülakü xanın anasının məzarının yerləşdiyi Azərbaycan şəhəri - ARAŞDIRMA

APA “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin “Marağa – Azərbaycanın mədəniyyət ocağı” məqaləsini təqdim edir.

Birinci yazı – XOY

İkinci yazı – Urmiya

Üçüncü yazı – Güney Azərbaycanda Novruz adətləri

Dördüncü yazı – Güney Azərbaycanda farslaşdırılmış türk adları

Beşinci yazı – Ərdəbil

Altıncı yazı – Güney Azərbaycanın milli oyanışında futbolun gücü

Marağa şəhəri Şərqi Azərbaycan əyalətinin mərkəzi sayılan Təbriz şəhərindən sonra ən böyük və ən sıx məskunlaşan şəhərdir. Bu şəhər Səhənd dağının cənub yamacında Sufi çayın yanında və əyalət mərkəzindən 135 km güneydə yerləşir. Qeyd etmək lazımdır ki, İranda ölkə inzibati ərazi bölgüsünə görə, Güney Azərbaycan bölgəsi Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Əlburz, Qəzvin və Həmədan əyalətlərinə (ostanlarına) bölünür. Marağa şəhəri əslində Marağa rayonunun (şəhristan) mərkəzi sayılaraq bu rayonun Səracu adlı daha kiçik şəhərini, bir neçə qəsəbəni və 178 kəndini öz ətrafına almaqdadır.

2017-ci ilin siyahıyaalınmasına əsasən, Marağa şəhərinin əhalisi 175 min nəfərdən çox, Marağa rayonunun əhalisi isə 262 604 nəfərə bərabər olub. Azərbaycanın ən qədim şəhərlərindən biri olan Marağa şəhərinin əhalisinin böyük əksəriyyəti müsəlman şiədir və Azərbaycan türkcəsində danışır.

Çox münbit torpaqlara malik olması, Sufi çayı kimi su ilə dolu çayların sahilində yerləşməsi və torpaqda çalışaraq alnının təriylə çörək qazanmağı özünə şərəf bilən insanların varlığı bu şəhəri Güney Azərbaycanın ən yaşıl və məhsuldar şəhərlərindən birinə çevirib. Üzüm, alma, gavalı, gilas və s. kimi müxtəlif meyvələr Marağa bağlarının məhsullarındandır. Bu ərazidə badam, qoz, fındıq ağacları da yaxşı bar verir. Qeyd etmək yerinə düşər ki, Şərqi Azərbaycan əyaləti əkin sahəsinə və alma istehsalının həcminə görə ölkədə ikinci, Marağa isə əyalətdə birinci yerdədir. Amma şəhərdə konversiya sənayesi olmadığından əhali bu məhsuldan yetərincə qazanc əldə edə bilmir. Marağa şəhərinin iqtisadi və mədəni baxımdan inkişaf və tərəqqi etmək üçün yüksək potensiala malik olmasına baxmayaraq, mərkəzi hökumətin Güney Azərbaycanla bağlı siyasəti bu şəhərin layiqincə inkişafına mane olub.

https://www.chargoshe.ir/images/city/mraghh.jpg

(Şəhərin çoxsaylı yaşıllıqlara və bağlara malik olması, həmçinin Sufi çayının şəhərin mərkəzindən keçməsi, küçələrin kənarlarında xeyli hündür ağacın olması Marağaya xüsusi gözəllik verir)

Marağanın tarixinə qısa nəzər

Marağa Azərbaycanın eramızdan əvvəl yaranan tarixi şəhərlərindən biridir. Ərəblərin Azərbaycana gəlişi zamanı Marağa mühüm və böyük şəhər idi və Babəkin ərəb hökmranlığına qarşı üsyanı zamanı Marağa Afşin tərəfindən ələ keçirilərək Babəklə müharibə üçün istifadə edildi. Bu şəhər Marağa Atabəyləri (1107-1226) dövlətinin paytaxtı olub. Lakin şəhərin çiçəklənmə və şöhrət qazanma dövrü Moğol Elxanları zamanına gedib çıxır.

XIII əsrdə Bağdadı fəth etdikdən və Abbasi xəlifələrinin uzunmüddətli hakimiyyətinə son qoyduqdan sonra Moğol xanı Hülakü xan (1258-1265) Azərbaycana qayıdır və Marağa şəhərini özünün paytaxtı edir. Moğol Elxanlarının hakimiyyəti illərində Azərbaycan bir çox cəhətdən inkişaf etmişdi və iqtisadi tərəqqinin zirvəsini yaşayırdı. Təbii ki, Marağa şəhəri bu imperiyanın ilk paytaxtı kimi bu tərəqqidən böyük pay alıb və indi də bu şəhərdə o tarixi dövrün çoxlu izlərini görmək mümkündür.

Lakin Moğol Elxanlarının Azərbaycan və Marağa şəhəri qarşısındakı xidmətləri onların hakimiyyətdə olduqları dönəmlə məhdudlaşmır. Onlar, Azərbaycan Atabəyləri dövlətinin (1136-1225) Azərbaycana qazandırdığı mərkəziyyəti həm qorudular, həm də Azərbaycan mərkəzli dövlətin sərhədlərini qat-qat genişləndirdilər. Moğol Elxanlarının ardından gələn Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, hətta Əfşar və Qacar dövlətləri belə bu dövlətçilik ənənəsinə, yəni Azərbaycan mərkəzli dövlətçilik düşüncəsinə sadiq qaldılar.

Azərbaycan mərkəzli dövlətlərin yüz illərlə davam etməsi yalnız dövlət adamlarında yox, xalqımızda da Azərbaycanı mərkəzdə görmək düşüncəsini və ənənəsini yaratdı. Ancaq, 1828-ci ildə Türkmənçay müqaviləsinin sonucu olaraq Azərbaycanın ikiyə bölünməsi və 1925-ci ildə İranda Rza Şahın taxta oturmasıyla Qacar Türk dövlətinin sona çatması yüz illər boyu yaşanmış olan bu ənənəni sarsıtdı. Bu hadisələrin hər ikisi Azərbaycan türkləri arasında geniş reaksiyalara səbəb oldu.

Hicran, yaxud ayrılıq ədəbiyyatı kimi tanınan şeir və yazılar Araz çayının hər iki tərəfində yaşayan azərbaycanlıların bu acı hadisədən ümumi sıxıntısını və kədərini ifadə edir. Digər tərəfdən, Qacar ​​türklərinin hakimiyyətinin sona çatması və İran üzərində farsların hökmranlığının başlaması ilə Güney Azərbaycan türkləri öz ana dilindən və Azərbaycan mədəniyyətindən məhrum qaldılar. Nəticədə bu iki faciəli tarixi hadisə Güney Azərbaycan türklərinin son yüz ildəki tarixinin və ədəbiyyatının əsasını təşkil edir. Azərbaycanın ikiyə bölünməsindən narazılıq, kədər və ürək ağrısı, ikiyə bölünmüş vətənin bir daha birləşməsi arzusunu və eyni halda İran mərkəzi dövlətinin Güney Azərbaycan türklərinə qarşı yürütdüyü siyasətlərə qarşı çıxmaq istəyi Güney Azərbaycan türklərinin həm ədəbiyyatının, həm də çağdaş tarixinin ana məzmununu təşkil edir.

Marağa şəhəri də Azərbaycanın bir parçası olaraq azərbaycanlıların bu acı və arzularına ortaq olub. Marağa şəhərinin və eyni halda Azərbaycanın çağdaş ədəbiyyatının zirvəsində yer alan Bulud Qaraçorlu (Səhənd) adlı nəhəng bir şairin həyatı və yaradıcılığı bunun ən bariz nümunələrindən biridir. Bu gün Güney Azərbaycan türkləri arasında Güney Azərbaycan milli mücadilə şairi olaraq tanınan Bulud Qaraçorlu (Səhənd) öz şeirlərində Azərbaycan türklərinin keçmişinə və kimliyinə yer verib. O, həmçinin Azərbaycanın ikiyə bölünməsindən duyduğu ürək ağrısını dilə gətirib, İran dövlətinin Güney Azərbaycan türklərinə qarşı yürütdüyü qeyri-insani siyasətə qarşı çıxıb.

Əslində Səhəndin şeirlərinin məzmun və mövzusu Güney Azərbaycan türklərinin, eləcə də marağalıların böyük əksəriyyətinin ürək sözüdür. Cənubi Azərbaycanın digər şəhərləri ilə yanaşı, Marağanın da azərbaycançılığın mərkəzlərindən birinə çevrilməsi səbəbsiz deyil. Uzun illərdir ki, bu şəhərin əhalisi, xüsusən də təhsilli təbəqəsi və gəncləri öz tarixini, dilini, mədəniyyətini yaşatmağa çalışır və bunun üçün mübarizə aparırlar.

İranın mərkəzi hökuməti yüz ildən artıqdır ki, Azərbaycan türk xalqının dilini, mədəniyyətini və tarixini silmək və məhv etmək üçün bütün imkanlarından istifadə edib və onları farslaşdırmağa çalışıb. Bu uzunmüddətli siyasətin iflasa uğraması bir tərəfdən Güney Azərbaycan gənclərinin, ziyalılarının, şair və yazıçılarının İranın mərkəzi hökumətinin cəhdlərinin qarşısını almaqda uğur qazanmaqlarını göstərirsə, digər tərəfdən, Azərbaycanın kimliyinin, dilinin, tarixinin, mədəniyyətinin Güney Azərbaycan türklərinin şüurunda dərin kök saldığını göstərir.

Son onilliklərdə Güney Azərbaycan türkləri arasında milli özünüdərkin genişlənməsi ilə Azərbaycan kimliyinin, dilinin, tarixinin, mədəniyyətinin qorunub saxlanması və yaşadılması istiqamətində səylər daha da güclənib. Bununla yanaşı, Azərbaycana qarşı yürüdülən ayrı-seçkilik, ədalətsizlik və iqtisadi təzyiqlərə qarşı etiraz səsləri də yüksəlməkdədir. Marağa şəhərinin azərbaycansevər və vətənpərvər igidləri Azərbaycan Milli Hərəkatının bir parçası olaraq Azərbaycanın xoşbəxt gələcəyi uğrunda çaba göstərməkdədirlər.

Əslində, bu cür səylərin nəticəsidir ki, rəsmi orqanların yüz ilə yaxındır kimliyi, dili və tarixi inkar edilən Azərbaycan türklərinin bu haqlarını ən azı, etiraf etmək zorunda qalırlar. Eləcə də, bu səylər nəticəsində hökumətin təbliğatının təsiri altında öz kimliyini inkar edən və ya bunu ifadə etməkdən utanan(!) əvvəlki nəsillərdən fərqli olaraq, Güney Azərbaycan türklərinin yeni nəsli öz kimliklərini fəxrlə qeyd edir və bu gün başını yuxarı tutaraq “Mən Türkəm”, “Mən Azərbaycanlıyam”, “Azərbaycan övladıyam”, “Azərbaycan qızıyam”, “Azərbaycan oğluyam” kimi sözləri fəxrlə dilə gətirir. Güney Azərbaycanın ziyalıları, yazıçıları, şairləri, aşıqları, incəsənət xadimləri yüz il ərzində bu məqama çatmağa çalışıblar və bu gün onların zəhmətinin bəhrəsini adi insanlarda görmək mümkündür.

Marağa şəhəri yalnız keçmiş tarixi ilə yox, tarix boyunca qoruyub saxladığı mədəniyyəti ilə bu gün bir Azərbaycan şəhəridir. Bu şəhər bu gün xalqının dili, yeməkləri, ənənə və adətləri ilə Azərbaycanın mədəniyyətini, kimliyini, tarixini yaşatmaqdadır. Bu ənənələri və mədəniyyəti bu gün bu şəhərdə yaşayan azərbaycanlıların gündəlik yaşayışlarında, toylarında, yaslarında, dəblərində, qonaqlıqlarında, sözlərində, mahnılarında, aşıq havalarında, rəqslərində, xalçalarında görmək mümkündür.

Marağa şəhərinin tarixi əsərləri

Bu şəhərin müxtəlif yerlərində yerləşən tarixi əsərlər turistik məkan rolunu oynamaqla yanaşı, həm də buranın və ümumiyyətlə Azərbaycanın möhtəşəm tarixindən xəbər verir. Təəssüf ki, Güney Azərbaycanın başqa yerləri kimi, bu şəhərdə də İran dövləti tərəfindən qiymətli tarixi əsərlərə yetərincə qayğı göstərilmir. Lakin bu abidələr İran hökumətinin etinasızlığı ucbatından unudulmayacaq qədər böyük və əzəmətlidir.

Rəsədxana

Marağa rəsədxanası, şübhəsiz ki, Elxanilər dövründə İslam dünyasının ən mühüm elmi mərkəzi və şöhrət nöqtəsi sayıla bilər. Bu nəhəng elmi-mədəni bina rəsədxana ilə yanaşı, o dövrün alimlərinin görüş yeri olub, elmin inkişafı üçün əsas mərkəzlərdən biri hesab olunurdu. Yalnız bir neçə hissəsi qalmış rəsədxana 1259-cu ildə teleskopların və müasir astronomik avadanlıqların olmadığı bir vaxtda tikilib. Bu kompleks 400 mindən çox əlyazma, kitab və nadir astronomik alətlər və avadanlıqlar ilə təchiz edilmişdir.

(Tarixi Marağa rəsədxanasının qalıqlarını qorumaq üçün son illərdə onun üzərində ağ günbəz tikilmişdir)

Göy Günbəz

Marağanın Göy Günbəzi əslində bir türbə binasının qülləsi sayılır və deyilənlərə görə, bu yerdə Hülakü xanın anasının məzarı yerləşir. Ümumi kompozisiya baxımından bu tikili Marağadakı digər türbələrə bənzəyir və içərisində zirzəmi olan daş bünövrə üzərində hündür nəfə daxildir. Bu binanın tikintisində qırmızı kərpicdən və firuzəyi kaşıdan istifadə olunub, müxtəlif yerlərində ağ daşlar görünür. Təəssüflər olsun ki, Güney Azərbaycanda bir çox dəyərli əsərlər kimi bu dəyərli tarixi abidə də diqqətdən kənarda qalıb. Onun qorunub saxlanması və qayğısına qalması üçün ciddi tədbirlər görülmür.

Qırmızı Günbəz

Qırmızı Günbəz Səlcuqlular dövrünün ən qiymətli tikililərindən biri və o dövrün memarlıq üslubunu göstərən Marağanın ən məşhur tikililərindən biri hesab olunur. Bu binanın memarlığında ilk dəfə kərpicin şirli kirəmitlə birləşməsi onun İslam dövründə Azərbaycan memarlıq üslubunun başlanğıcı kimi qiymətləndirilməsinə səbəb olub. Qırmızı Günbəz Marağadakı beş böyük məqbərənin ən qədimidir və içindəki kətibərin oxunulmasına baxmayaraq, Qırmızı Günbəzdə dəfn edilən şəxs hələ də müəyyən edilməyib. Bu binanın 1147-ci ildə tikildiyi təxmin edilir.

https://images.kojaro.com/2017/11/9e426747-3b28-4c44-b9a9-e0ac75eb43ec.jpg

Bu şəhərin digər tarixi abidələri və turistik yerləri arasında Göycə Qala, Qaffariyyə Günbəzi, Dairəvi Qüllə, Gür Dağ şəlaləsi, Sufi çay, Hamoyıl mağarası, Marağa Daş Yazılar muzeyi (Ağalar türbəsi), Vərcu Mitraik məbədi, Elxani ixtisaslaşdırılmış muzeyi kimi görkəmli yerləri qeyd etmək olar.

Məhəmməd Rəhmanifər

ONA

Teqlər:

SON XƏBƏRLƏR