• SOSİAL

    21:54 19 iyun 2020

“İcazələrin Alınması və Monitorinqi Sistemi” yenidən aktivləşdirilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarı əsasında “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”nin fəaliyyəti yenidən aktivləşdirilib. “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi və Daxili İşlər Nazirliyi tərəfindən birgə ərsəyə gətirilib.

"ASAN xidmət"dən APA-ya verilən məlumata görə, qeyd olunan ərazilərdə 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq ediləcək. Bu müddətdə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində şəxslərin hərəkəti icaze.e-gov.az portalında icazə aktivləşdirildikdən sonra mümkün olacaq.

icaze.e-gov.az portalından icazəsi alınmış vətəndaş mövcud icazələrinin statusuna “myGov” elektron hökumət portalında baxa bilər. Bunun üçün vətəndaş “myGov” portalına daxil olaraq öz şəxsi kabinetində “Məlumatlarım” bölməsini seçə, açılan pəncərədə “İcazələrin Alınması və Monitorinqi Sistemindən arayış”ın üzərinə sıxaraq icazəsinə baxa və ya elektron formasını yükləyə bilər.

Evdən çıxmaq istədiklərinə dair icazə əldə etmək üçün vətəndaşlar isə mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu, eyni zamanda şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərməlidirlər.

İcazələrin məqsədinə dair 2 kod təyin edilib:

1 nömrəli kod təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədardır. İcazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir. Müalicə prosedurunun müddəti uzanarsa geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir.

2 nömrəli kod ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçündür. İcazə 2 saat müddətinə gündə 1 dəfə verilir.

Yaxın qohumun dəfnində iştirak üçün vətəndaşlar Daxili İşlər Nazirliyinin 102 qaynar xətti ilə əlaqə saxlamalıdırlar.

Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, həmçinin Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər icazə kodunu, müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin, müvəqqəti olma müddətinin uzadılması barədə qərarın seriya və nömrəsini 8103 nömrəsinə göndərməklə icazə əldə edə bilərlər.

Vətəndaşlar yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilərlər. Vətəndaşların müraciətinə gələn cavab SMS-ində icazənin qüvvədə olduğu müddət göstərilir.

Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS icazənin alınması tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən yaşayış yerini tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.

Daxili İşlər Nazirliyinin əməkdaşlarının yoxlamaları zamanı müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Ətraflı məlumat üçün 9108 "Çağrı" Mərkəzi ilə əlaqə saxlamaq mümkündür.

ONA

Teqlər:

SON XƏBƏRLƏR