Nazirlər Kabineti “İcbari tibbi sığorta üzrə dövlət büdcəsinin vəsaiti hesabına sığorta haqqının 2020-ci ildə mərhələli şəkildə ödənilməsi Qaydası”nda dəyişiklik edib.
APA-nın məlumatına görə, dəyişikliyə əasən, icbari tibbi sığorta üzrə dövlət büdcəsinin vəsaiti hesabına sığorta haqqı 2020-ci ildə deyil, 2020-2021-ci ildə mərhələli şəkildə ödəniləcək.
Qüvvədə olan qərara əsasən, Sığorta haqqının adambaşına məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli 504 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”na uyğun olaraq, icbari tibbi sığortanın yanvar-mart aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat, aprel-iyun aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 67,5 manat, iyul-sentyabr aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 45 manat, oktyabr-dekabr aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 22,5 manat təşkil edirdi.
Dəyişikliyə əsasən, sığorta haqqının adambaşına məbləği Nazirlər Kabinetinin 2020-ci il 10 aprel tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”na uyğun olaraq aşağıdakı kimi müəyyən edilir:
- 2020-ci il üzrə - icbari tibbi sığortanın 2020-ci ilin yanvar ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat;
- 2021-ci il üzrə - icbari tibbi sığortanın 2021-ci ilin yanvar ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat + 90 manat x ölkə üzrə istehlak qiymətlərinin indeksi, aprel ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 67,5 manat + 67,5 manat x ölkə üzrə istehlak qiymətlərinin indeksi.