• SOSİAL

    13:19 3 dekabr 2019

İslahatların yaratdığı zərurət: yeni dönəm mediası

Dünyada baş verən proseslər, rəqəmsallaşma müstəvisinin hər gün daha da genişlənməsi və informasiya cəmiyyətinin insanı idarəetməyə yeni baxış tələb edir. Şərti olaraq, “internet adamı” adlandıra biləcəyimiz yeni insan modeli reformist, çevik, smart düşüncəli idarəetmə istəyir.

Yaxşı olan odur ki, Azərbaycan dünyadakı bu prosesdən kənarda qalmadı. Prezident İlham Əliyev “islahat ili” kimi başladığı ilin ikinci yarısında islahatların ikinci mərhələsinə start verdi.

Əhalinin bütün təbəqələrini əhatə edən sosial paketlərin qəbulu, böyük xalq açılımları, infrastruktur layihələrinin sayının artırılması, məhkəmə-hüquq islahatları ilə bağlı sənədin qəbul edilməsi istiqamətində atılan addımlar növbəti dəyişikliklər-struktur və kadr islahatları üçün yaxşı baza rolunu oynadı. Hazırda aparılan struktur və kadr islahatlarına “radikal və ya kardinal dəyişikliklər” demək mümkündür.

Alt icra strukturlarından tutmuş Prezident Administrasiyası və Milli Məclisdə davam edən dəyişikliklərinin tezliklə məhkəmə hakimiyyətini də əhatə etməsi gözləniləndir.

Prezidentin səbir və təmkin, eyni zamanda qətiyyət və inamla apardığı dəyişikliklər sistemli olduğuna görə yeni formasiyaya keçid cəmiyyətin dəstəyi, rəğbəti və salamlaması ilə qarşılanır.

Məsələnin mahiyyətində dayanan isə Prezident İlham Əliyevin uzun illər əvvəl, hələ islahat sözü bu ildəki kimi aktiv leksikonumuza daxil edilməmişdən çox öncə islahatların alt bazasını hazırlaması olmuşdu.

İlham Əliyev hələ hakimiyyətinin ilk illərindən, neftin dünya bazarının favoriti olduğu vaxtlarda postneft dövrü hazırlıqlarına başladı. “Qara qızılı insan kapitalına çevirək” məşhur tezisi ilə xaricdə təhsil proqramlarına vəsait ayırdı. Azad internetin və sosial medianın ictimai rəydə möhkəmlənməsinə mane olmadı. Ölkəni birvektorlu siyasətlə idarə etmədi, yeni düşüncəli, keyfiyyətcə müasir mərhələyə hazır gənclərin oxuyub ölkəyə dönməsinə, ölkədə olanların burda təcrübə toplamalarına dəstək verdi və stimullaşdırdı. Beynəlxalq tədbirləri, dünya miqyaslı aksiyaları ölkəyə gətirdi, Azərbaycanın aparıcı trendlərdən bəhrələnməsinə imkan yaratdı. Tolerantlıq və multikultural dəyərlərin təbliğinə vəsait ayırdı, bürokratik aparatda şəffaf idarəetmə və operativ xidmət modeli olan ASAN-ı yaratdı və orda da bir kadr bazası formalaşdı. Müasir dünya ilə ənənəvi cəmiyyətin meyllərini uzlaşdırdı. Komandasının sadiq, təcrübəli, xidmətləri olmuş üzvlərini qiymətləndirməyi və fərqləndirməyi bacardı. Eyni zamanda heç vaxt ictimai rəyi, xalqın dəstəyini gözardı eləmədi, həmişə, bütün fəaliyyətinin əsas tezisi bu oldu: “Müstəqillik və xalqın dəstəyi”.

Və bütün bunlar dünyanın hətta ən inkişaf etmiş ölkələrində kardinal islahatlardan ehtiyat edildiyi bir vaxtda “Prezident necə bu qədər rahat və özünə inamla islahatlar apara bilir” sualının cavabı oldu.

Beləliklə, Prezident dəyişikliklər üçün lazım olan bazanı, kadrları, şəraiti illərlə və səbirlə, təmkinlə, həm də müdrikliklə hazırlayıb. Ona görə də dinamik, sürətli və inamlı dəyişikliklər edə bilir...

Yeni dönəmdə media

Hakimiyyətin müxtəlif qollarında aparılan dəyişikliklər şərti olaraq “IV hakimiyyət” adlandırılan mediadan da yan keçə bilməz. Əslində, Prezidentin sentyabrda növbəti mərhələsinə başladığı dəyişikliklərdə problemlərinə toxunduğu və eyni zamanda dəstək gözlədiyi sahələrdən biri də media idi. Dövlət başçısı islahatlara mane olmaq istəyənlərin media üzərindən oynadıqları oyunları qeyd etmiş, eyni zamanda ictimai nəzarətin vacibliyinə və əhəmiyyətinə diqqət çəkmişdi. İslahatların uğurla həyata keçirilməsi üçün müstəqil və sağlam medianın, həmçinin, digər cəmiyyət institutlarının mövcudluğu mühüm şərtlər arasındadır.

Bu yanaşmada media təkcə struktur etibarilə formalaşmış şirkət və ya yaradıcı şəxslərin topluluğu deyil. Media cəmiyyətin vizyonu, baxışlar sistemi və yanaşması kimi xarakterizə edilə bilər. Kardinal dəyişikliklərin aparıldığı ölkənin cəmiyyətində “yeni dövr mediası”nın yaranması və ya mediaya yeni baxışın olması zəruridir.

Terminlərlə sahənin mütəxəssisi olmayan oxucunu yormaq istəmədiyimə görə, fikrimi daha sadə ifadə etməyə çalışacam. Məsələnin mahiyyətində bu dayanır: interaktiv medianın-yəni internetin, saytların və online medianın, həmçinin “ağıllı telefonların” olmadığı zamanın insanı yalnız məlumat daşıyıcısı və məlumat alıcısı idi. Yeni dövrün insanı isə həm də məlumat ötürücüsüdür.

İndi heç kimsə informasiyaya münasibətdə bir funksiyalı deyil, hər kəsin informasiyanı yaratmaq, daşımaq və ötürmək imkanı var. Hələ üstəlik sosial media alətləri informasiyanı yönəltmək, idarə etmək, hətta kampaniyalaşdırmaq imkanı yaradır. Bu prosesdə peşəkarla sadə informasiya ötürücüsü arasında təsir imkanları baxımından fərq ola bilər. Amma bu fakt təkzib olunmur ki, hər kəsin informasiya istehsalçısı və ən başlıcası, ötürücüsü olmaq imkanı var.

Məhz bu məqam - müasir informasiya alətlərinin imkan verdiyi şərtlərdə ÖTÜRÜCÜ ola bilmək artıq informasiyaya baxışı və yanaşmanı dəyişir.

Başqa sözlə, siz bir fabrik yaradıb istənilən məhsulu istehsal edə bilərsiniz. Əgər sizin onu bazara çıxarmaq, nümayiş etdirmək və satmaq imkanınız yoxdursa, məhsulunuzun iqtisadi səmərəliliyi, ziyanı və ya faydalılıq əmsalı cəmiyyətə də, bazar oyunçularına da maraqlı deyil. Yəni əsas məsələ istehsal deyil, istehsal etdiyini ötürə bilmək, bazarlamaqdır.

Ənənəvi medianın mövcud olduğu zamanda da hər kəs informasiya daşıyıcısıydı. Lakin bu informasiyanı ötürmək üçün geniş müstəvi yalnız seçilmiş obyektlərə məxsus idi. Ona görə də ənənəvi media mühiti informasiyanın konyuktura daxilində təqdimatına şərait yaradırdı. İstənilən hadisəyə və ya fakta konyktur baxış bucağını müəyyənləşdirib, bunu imperativ qaydada kütləviləşdirməklə, vahid tezisləşdirmə ilə təsəvvür yaratmaq, hətta həmin təsəvvürləri möhkəmləndirmək mümkün idi.

İnternetin gətirdiyi interaktivlik, sosial medianın, yeni texnologiyanın gerçəkliyi bütün informasiya daşıyıcılarını həm də ötürücüyə çevrilə bildi. Bu isə konyuktur informasiyanı əhəmiyyətsizləşdirdi. “Feyk nyus”un və konyuktur informasiyanın yayılması qədər yalanlanması da çox az vaxt aldı. İnformasiya mənbəyinin həm də alternativ informasiya ötürücüsü ola bilməsi “konyuktur informasiya” vasitəsinə inamı azaltdı, onları baxımsızlaşdırdı. Nəticədə ənənəvi media oxucusunu və tamaşaçısını sürətlə alternativ informasiya qaynağına - yeni mediaya, başqa sözlə, oxucu və tamaşaçının özünə uduzmalı oldu.

Çox açıq yazsam, imperativ və administrativ media idarəetməsi faydasını itirdi, mediaya yalnız məlumatlandırma funksiyasının dominantlığı, çeviklik və daha çox interaktivliklə fərqlənmək seçimləri qaldı. Yeni situasiyanın fərqinə varmadan davam etdirilən imperativ məlumat yönləndirilməsi isə mövcud media siyasətindəki problemləri yaratdı.

Nə etməli?

Nəzəri təhlildən ölkəmizin reallığına qayıtsaq, hazırda çıxış yolu bazar oyunçularının sərbəstləşməsi və alternativ kontentin ənənəvi mediada daha çox görünməsinə imkan yaratmaq kimi görünür.

Başqa sözlə, ciddi, etibarlı və cəmiyyət arasında etimadlı media qurumları bazarda daha sərbəst şərtlərlə çıxış edə bilsə, proqres baş verər.

Bu, eyni zamanda xaricdən “milli kontent” adı ilə ölkəyə qarşı “qara pair” kampaniyası aparanların əhəmiyyətsizləşməsinə də səbəb olar. Ənənəvi medianın alternativ fikrə, açıq müzakirəyə və tənqidə daha çox önəm verməsi media mühitindəki çoxrəngliliyi təmin etmiş olar.

Sosial media alətlərində kustar üsullarla aparılan, ciddi əks-effekt verən fəaliyyət praktik və dinamik, ölçmələrə əsaslanan daha peşəkar işlə əvəz oluna bilər. İdarə edənin ictimai rəyin formalaşmasında rol oynayan istənilən müstəvidə, o cümlədən sosial media alətində işləməsi heç bir halda mənfi qarşılana bilməz. Əksinə, dövlət sosial media üzərindən ciddi işləyib, müasir tətbiqetmələrdən yararlanıb, tendensiyaları ölçüb, problem yaradan səbəbləri aradan qaldırıb, nəticəni dəyişərsə, bundan bütün cəmiyyət qazanar.

Ənənəvi mediada çoxçeşidliliyin, müxtəlif rəngliliyin təmin olunması, “biz nəyi dəyişirik və niyə dəyişirik” sualına olan cavab medianın gələcəyini müəyyən edəcək.

Bütün bu nəzəri olaraq asan, lakin praktikada indiki halda xeyli ağrılı kimi görünən prosesin aparılması zamanı “informasiya kirliliyini” yaradan aqreqatorlardan, şantaj və böhtan üçün yaradılmış “üçnəfərlik saytlar” topluluğundan xilas olmaq da şərtdir. Bunun üçün bəzən administrativ qərarlara da ehtiyac ola bilər.

Eyni zamanda dövlət strukturlarının informasiyaya əlçatanlığın təmin edilməsi istiqamətindəki fəaliyyəti də sistemli artırıla bilər.

Cəmiyyətin sosial media davranışlarını mənimsəməsinə müxtəlif institutlar, xüsusilə ənənəvi media tərəfindən dəstək verilməsi də prioritetlər arasında ola bilər.

Və bu məqamda əsas problemdən yazmaya bilməyəcəm.

Bütün bu düsturların doğru təsbiti üçün mühüm məqam - media menecmentidir. Çox təəssüf ki, hazırda mediadakı əsas problemlərdən biri budur.

Geniş və konseptual media baxışı olan, rəhbərlik etdiyi qurumun media siyasətini formalaşdıra bilən, həmçinin bəşəri dəyərləri, medianın cəmiyyət üçün məlumatlandırma ilə yanaşı, humanitar missiyasını, eyni zamanda dövlətin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olan informasiya təhlükəsizliyinin qorunmasındakı öhdəliyini başa düşən, adekvat media menecmentə ehtiyac var.

İndiki halda işin pis tərəfi belə media menecmentin azlığıdır. Yeni media tipi-konseptual yanaşması olan, sahənin və cəmiyyətin maraqlarını uzlaşdıra bilən, həmçinin “qara piar”la tənqidin sərhədlərini müəyyənləşdirmək imkanı olan, “hər şey pisdir” və ya “hər şey yaxşıdır” tandemindən uzaq olub, ictimai nəzarət funksiyasını yerinə yetirə bilən media institutu və media obrazı formalaşdırmaqdır. Bu iş heç də saxta sayğaclarla ölçmələri artırmaq, sosial media mühəndisliyi etmək, informasiya siyasətində rolu olmayan, əksinə, cəmiyyətlə problem yaradan “onminlik baxışlar”ı olan xəbərlər yazmaq deyil. Bu, heç təkcə müasir dünya və trendləri bilmək də deyil. Müasir media menecment adekvatlığı və yeni düşüncəsi ilə yanaşı, eyni zamanda ənənəvi cəmiyyətin istəklərini, hətta stereotiplərini yaxşı anlamaq və bu stereotiplərə belə adekvat olmağı bacarmaqdır.

***

Bu, bir prosesdir. Açıq cəmiyyətlər bütün dəyişikliklərdə uğur qədər uğursuzluğu, doğru qədər yanlışları da təbii qarşılaya bilir. Yaxşı olan odur ki, islahat prosesi başlayıb, cəmiyyət yenilənməyə həvəslidir, onun fikrini ifadə edən mediada da bu yenilik istəyi və əzmi var...

Vüsalə Mahirqızı

ONA

Teqlər:

SON XƏBƏRLƏR