• SOSİAL

    16:23 19 yanvar 2020

İstanbulda 20 Yanvar şəhidləri yad edilib - FOTO

İstanbulda şəhərində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi, Xəzər Folklor Təlim və Tədqiqat Mərkəzi (Hazarfem) və Türk Dünyası Araşdırmaları Vəqfi Gənclər Təşkilatı tərəfindən birgə konfrans keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, tədbirdə Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun əməkdaşları, elm və mədəniyyət xadimləri, tanınmış ziyalılar, tələbələr və media nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilmiş faciə haqqında məlumatlandırılıb. Tədbirdə bu şanlı günün Azərbaycanın tarixində çox mühüm yer tutmasından, 20 Yanvar tarixində Azərbaycan xalqına qarşı törədilmiş və əsl məqsədi milli azadlıq istəyini boğmaq olan bu cinayətə qarşı xalqın ortaya qoyduğu iradədən, Qanlı Yanvar şəhidlərinin əziz xatirəsinin bütün Türk dünyasının qəlbində daim yaşayacağından bəhs olunub.

Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulluğunun Konsulu Xəyyam Daşdəmirov 20 Yanvar faciəsinin səbəbindən bəhs edib.

Mərasimdə 20 Yanvar faciəsini əks etdirən videoçarx nümayiş etdirilib. Tədbir İstanbul Universitetinin professoru Xəlil Bal, Mərmərə Universitetinin müəllimi Mehdi Gəncəli və Düzce Universitetinin müəllimi Gökmen Kılıçoğlunun məruzələri ilə davam edib. Alimlər 20 Yanvar faciəsini tarixi, ədəbi və siyasi aspektlərdən dəyərləndirərək iştirakçılara dolğun məlumatlar veriblər və iştirakçıların suallarını cavablandırıblar.

Sonda məruzəçilərə təşəkkür plaketləri təqdim edilib və iştirakçılara 20 Yanvar şəhidlərinin əziz xatirəsinə ehsan verilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR