• SOSİAL

    14:30 5 iyun 2022

I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

DİM-dən ONA-ya verilən xəbərə görə, imtahan 12 şəhər və rayonda təşkil olunub.

İmtahan keçirilən şəhər və rayonlarda 70 imtahan binası, 1262 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 70 ümumi imtahan rəhbəri, 211 imtahan rəhbəri, 1557 nəzarətçi–müəllim, 188 buraxılış rejimi əməkdaşı, 70 bina nümayəndəsi ayrılıb.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunur və onlar yay qəbul imtahanlarına da buraxılmırlar.

İmtahanda 16786 abituriyentin iştirakı nəzərdə tutulurdu. İmtahanda, həmçinin 5 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

İmtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları yaxın saatlarda Mərkəzin “Teleqram” kanalına (https://t.me/stateexamcenter), digər sosial şəbəkə hesablarına və saytına yerləşdiriləcək.

Bu gün saat 16:00-da DİM-in “Youtube” və “Facebook” səhifələri vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən həm I, həm də IV ixtisas qrupu üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.

Abituriyentlər suallarını “Facebook”da yerləşdirilən müvafiq postun altına yaza və ya [email protected] elektron poçtuna göndərə bilərlər.

İyunun 6-dan etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

***

saat 07.00

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.

DİM-dən APA-ya verilən xəbərə görə, imtahanda 16786 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahan saat 11:00‑da başlanacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Qeyd edək ki, iyunun 4-5-də keçirilən imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Şirvan, Sabirabad, Salyan, Lənkəran və Xaçmazda təşkil olunacaq. Həmin günlərdə imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 160 imtahan binası, 2865 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 160 ümumi imtahan rəhbəri, 476 imtahan rəhbəri, 3564 nəzarətçi–müəllim, 435 buraxılış rejimi əməkdaşı, 160 bina nümayəndəsi ayrılıb.

İmtahanlarda 24 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR